Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünün başa çatması münasibətilə təntənəli mərasim keçirib.

Open.az xəbər verir ki, mərasimdə Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyəti mükafatlandırıb, teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alıb.

Rəşad Əhmədzadə teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə "İlin sevilən aktyoru", "İlin sevilən aktrisası" , "İlin zəhmətkeş aktyoru" "Ən yaxşı tamaşası" "Ən məhsuldar əməkdaşı", eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilən qaliblərin adları elan olunub.

"İlin sevilən aktyoru" Cavid İbrahimov, "İlin sevilən aktrisası" Aygül Ağayeva, "İlin zəhmətkeş aktyoru" nominasiyasında Araz Həsənli qalib olub.

Mərasimdə Xalq artisti İlham Namiq Kamal Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasında ifa etdiyi baş rola görə mükafata layiq görülüb.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələrinin təmsilçiləri “Teatrın dostu” nominasiyasında mükafatlandırılıb.

"Teatrın dostu" nominasiyasında Əməkdar artist, rejissor Loğman Kərimov, "Xəzər" televiziyasının əməkdaşı Şəhla Poladova, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Aysel Abbasova, ARB Günəş televiziyasının əməkdaşı Nərgiz Kərimzadə, ARB Aran televiziyasının əməkdaşı Tahir Əliyev, ATV Telekanalının müxbiri Əli Novruzəliyev, İTV Televiziyasının səhər proqramının aparıcısı İlahə Şıxlinskaya, "525-ci qəzet"in əməkdaşı Şəhanə Müşfiq, "Mediapress" agentliyindən Könül Aypara, "Ədəbiyyat" qəzetindən Samira Əşrəf, "Mədəniyyət" qəzetindən Gülcahan Mirməmməd, "Mədəniyyət.az" jurnalından Samirə Behbudqızı, "Azərtac" İnformasiya Agentliyindən Ceyhun Alışlı, "Kaspi" qəzetindən Xəyalə Rəis, "Manera.az" saytının redaktoru Şəhla Aslan və saytın müxbiri Turan Etibaroğlu və "Open.az" saytının müxbiri Ülviyyə Həsənqızı mükafatlandırılıblar.

Mərasimdə “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunub.

Ülviyyə Həsənqızı