Martın 14-də Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

Open.az xəbər verir ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq Miloş Maginin əsərləri təqdim ediləcək.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.

“Kremerata Baltika” 50-dən artıq ölkədə çıxış edib, 600 şəhərdə mindən çox konsert verib. 2002-ci ildə “Qremmi” (“Grammy”) və “Exo” (“ECHO”) mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb və 2003-cü ildən Latviyada öz festivalını keçirir.

Fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və “Kremerata Baltika” orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.

Lyuka Debarq dünyanın nüfuzlu konsert salonlarında aparıcı simfonik orkestrlərlə çıxış edib. O, akademik repertuarından əlavə caz da ifa edir, həmçinin musiqi bəstələyir. Pianoçu 2014-cü ildə 9-cu Qayar Beynəlxalq Pianoçular Müsabiqəsində 1-ci yer qazanıb, 2015-ci ildə P.İ.Çaykovski adına 15-ci Beynəlxalq Müsabiqənin laureatlarından olub. 2017-ci ildə Almaniyanın nüfuzlu “Exo Klassik” (“ECHO Klassik”) mükafatı ilə təltif olunub.