Noyabrın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində ”Qırmızı bağ” filminin nümayişi olacaq.

Open.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə “Azərbaycanfilm” kinostudiyasında, Rusiyanın “WeiT Media” kino şirkəti ilə bir yerdə istehsal olunan filmin quruluşçu rejissoru Mirbala Səlimlidir.

İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmi ucqar bir kənddə orta məktəbdə işləyən, sadə həyat tərzi keçirən bir müəllimin həyatından bəhs edir.

Mirbala Səlimli bildirib ki, ekran əsəri beş ilə ərsəyə gəlib: “Filmin ilk ideyası bir müəllim haqqında pritçadan doğan, hardasa lirik komediyaya oxşayan mövzu idi. Bunu əslində oxumamışdım, uşaqlıqda eşitmişdim. Bugünkü “Qırmızı bağ”la o ideyanı artıq heç nə bağlamır, sadəcə məsələ ordan başlayıb. Ümumiyyətlə, bu elə bir ssenari idi ki, sanki mən onun içində böyümüşəm, ya da o mənim içimdə böyüyüb”.

2011-də çəkilişləri başlanılan film 2015-də hazır olub.

Mirbala Səlimli : “Təsəvvür edin, filmin son 8-10 dəqiqəsinin çəkilə bilməsi üçün düz 3 il gözlədik… Əslində bu müddətdə heç nə dayanmırdı, ssenari davamlı dəyişirdi. Əlbəttə, illərlə bir ideya, bir mövzuyla yaşayırsansa o ilkin halında qala bilməz, dəyişəcəyi mütləqdir”.

Yeri gəlmişkən, film “MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi” üzrə Nika mükafatına namizəd olub.

65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Filmin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında da baş tutub.

Filmin ssenari müəllifi və quruluşu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və başqaları ifa edir.

Kino Evində ”Qırmızı bağ” filminin  nümayişi olacaq