Sentyabrın 13-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Kino Evində “Plaskart” tammetrajlı sənədli filmi nümayiş etdiriləcək.

Open.az İttifaqın mətbuat xidmətinə istinadən xəbər verir ki, rejissor Rodion İsmayılovun quruluş verdiyi sənədli filmi “Moskva-Vladivostok” qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. 80 dəqiqə olan ekran əsərində müasir Rusiya cəmiyyətinin sosial portreti əks olunur.

Qeyd edək ki, Rodion İsmayılov Tovuz rayonunda anadan olub. Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda “Deboşirfilm studiyası”nın baş direktoru, “Nezavisimoye kino” fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən “DS Film” prodüser mərkəzində rejissor və prodüserdir. “Köç”, “Mənim qohumlarım” və s. filmlərə quruluş verib.

Yeri gəlmişkən, ” Plaskart “filmi Avstriyanın” DER NEUE HEİMATFİLM “kinofestivalında” ən yaxşı sənədli film”uğrunda baş mükafata layiq görülüb.

Avstriyanın Fraystadt şəhərində keçirilən kinofestivalda ən yaxşı sənədli film kimi tanınıb. Bundan başqa, film Avstriya festivalına paralel olaraq Serbiya və Hollandiyada keçirilən festivallarda, ümumiyyətlə isə 20-dən çox kinofestivalda nümayiş etdirilib, həmçinin çoxsaylı mükafatlar alıb.