Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Əbədiyyətə uçuş” və “Malakanlar” sənədli filmlərinin nümayişi olub.

Open.az xəbər verir ki, rejissor Cəmil Fərəcovun quruluşunda çəkilən hər iki film Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılıb və “Salnamə” studiyasında lentə alınıb.

Yeri gəlmişkən, hər iki film vətənpərvərlik ruhunda çəkilməklə yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir.

“Əbədiyyətə uçuş” sənədli filmi Milli Qəhrəman Viktor Seryoginə həsr olunub. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında xidmətləri olan, Azərbaycanı öz doğma vətəni kimi sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində növbəti uçuş zamanı erməni silahlı dəstələrinin vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub. Onunla bərabər çalışan, onu yaxından tanıyan həmkarları film boyunca Milli Qəhrəman haqqında öz xatirələrini danışır, onunla bərabər olan uçuşların hər birinin həyəcanını bölüşürdülər. Həmin pilotların bir neçəsi filmin nümayişində iştirak edirdilər.

Filmin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.

Növbəti təqdim olunan film isə “Malakanlar” adlanır. Bu sənədli filmin çəkilişləri yenicə başa çatıb və ilk nümayişi məhz Kino Evində baş tutub.

Öncə qeyd edək ki, dünya şöhrətli sənətkarlarımızdan olan Rəşid Behbudovun “Azərbaycanım” adlı möhtəşəm mahnısı ilə başlanan sənədli filmin Müslüm Maqomayevin ifasındakı “Azərbaycan mahnısı ilə bitməsi, bir ölkənin, bir xalqın böyüklüyünü, qüdrətini göstərməklə yanaşı, bütün dünayaya səmimi şəkildə qucaq açmasını da canlı olaraq sübut edirdi.

Xatırladaq ki, malakan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlib. O da təsadüfi deyil ki, onları bura Rusiyadan, kafirliyə və pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər. Son illərdə bir çox icmaların üzvlərinin sayının az olması səbəbindən bağlanması meyli də müşahidə edilir. Təxmini hesablamalara görə, ölkəmizdə malakan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir. Bütün bunları nəzərə alan rejissor mövzuya böyük həssaslıqla və sevgiylə yanaşıb. Belə ki, Azərbaycanda malakanlar üçün yaradılan şərait, onlara olan gözəl münasibət, malakan adət-ənənəsi, onların Azərbaycan adət-ənəsinə olan marağı, hətta dilimizə olan hörmətləri, bizim dildə mükkəmməl səviyyədə danışmaları və s. diqqəti çəkir. Ən önəmlisi isə kənd həyatının gözəlliyini, mənzərəsini və bütün bunların insan zəhmətinə ehtiyacı olmasını geniş şəkildə qabardıb.

Filmin çəkilişləri Gədəbəy rayonunun Novosaratovka kəndində baş tutub.

Sənədli filmin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov, quruluşçu operatoru Üzeyir Abbas, icraçı prodüseri Kamil Məmmədov, baş prodüser Nazim Hüseynovdur.