Dünyanın ən məşhur kinofestivallarından biri olan Kann Kinofestivalı mayın 14-dən öz işinə başlayıb.

Open.az xəbər verir ki, 72-ci dəfə keçirilən Festival mayın 25-dək davam edəcək.

Kinofestivalın əsas mükafat uğrunda 21 tammetrajlı film yarışacaq.

Avropa 12, Şimalı Amerika 4, Asiya 3, Latın Amerikası və Afrika qitəsi isə 1 filmlə Festivalda iştirak edəcək.

Kann Kinofestivalının ən Fəxri mükafatı olan “Qızıl Palma Budağı” dünya kinematoqrafiyasındakı xidmətlərinə görə görkəmli aktyor Alen Delona təqdim olunacaq.

72-ci Kann Beynəlxalq Kino Festivalında görkəmli fransız kinorejissoru Klod Leluşun “Ömrün ən gözəl illəri” filmi nümayiş olunacaq.

Film, məşhur “Kişi və Qadın” kinonovellasının davamı kimi ekranlaşdırılıb. Baş rolda Monika Belluççinin çəkildiyi film Festivalın müsabiqədənkənar əsas proqramında nümayiş olunacaq.

Qeyd edək ki, hər il Fransanın cənubunda olan Kann şəhərində təşkil edən Kinofestival ilk dəfə 1946-cı ildə sentyabrın 20-dən oktyabrın 5-dək keçirilib. Sonradan festivalın vaxtı dəyişdirilərək, may ayında keçirilməyə başlanıb.

Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışır. Filmlər juri başçısı və juri üzvləri tərəfindən təltif olunur. Kann Film Festivalında verilən mükafatlar Qızıl Palma Budağı, Qran-pri, Qızıl Kamera, Jüri mükafatıdır.

Ülviyyə Həsənqızı