Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub.

Open.az xəbər verir ki, festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Festivalın direktoru Fehruz Şamıyev açılış mərasimində çıxış edərək tədbir barədə məlumat verib. Qeyd olunub ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutur. Kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, pitçinq və ustad dərslərindən ibarətdir. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası bu filmlərin arasında beynəlxalq müsabiqənin proqramına 72 film daxil edib. Müsabiqənin qaliblərini beş nəfərdən - Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxnerdən (Almaniya) ibarət münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis – Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək.

Qeyd edək ki, filmlər Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrları şəbəkəsində saat 12-dən 16-dək nümayiş olunacaq. Ekran əsərləri Azərbaycan dilində subtitrlərlə göstəriləcək.

Festival noyabrın 17-dək davam edəcək.