Yanvarın 23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) 2019-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.

Open.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov rəhbəri olduğu qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı nəticəsində son illərdə idarə tərəfindən İçərişəhər və Qala qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib.

Ə.Ələkbərov ötən il DTMQİ-nin gördüyü işlərdən bəhs edib: “Geridə buraxdığımız 2019-cu il bizim üçün yeni bərpa-restavrasiya layihələri, muzey ekspozisiyaları, xarici qonaqlar, müxtəlif mədəni-kütləvi tədbirlər, bir sözlə uğurlar və çoxsaylı mütərəqqi hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycanda ilk dəfə olaraq İçərişəhərin Zəncirli Binasında Bakı Fotoqrafiya Evinin yaradılması, “İstedArt” mədəni-xeyriyyə layihəsinin uğurla davam etdirilməsi, Qala qoruğunda IV Beynəlxalq “Daşın nəğməsi” simpoziumunun təşkili, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qala qoruğunda “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı sufi gecəsinin keçirilməsi, habelə ənənəvi Novruz festivalı - “Bahar Qalası” bayram şənliklərinin təşkili, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” Novruz festivalının keçirilməsi, İdarə ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) əməkdaşlıq müqaviləsi çərçivəsində birgə təşkilatçılıq ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təşkili, eləcə də “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresinin keçirilməsi, dahi Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi” festivalı çərçivəsində silsilə tədbirlər, Beynəlxalq “Jazz-2019” festivalının açılışı geridə qoyduğumuz il ərzində görülən işlərin bir hissəsi kimi media mənsublarına təqdim edilib”.

Ə. Ələsgərov idarənin xüsusi diqqət və həssaslıqla yanaşdığı bərpa və restavrasiya layihələrinə də toxunub. Vurğulayıb ki, il ərzində qoruq ərazisində 104 ünvanda idarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 kvadratmetr çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 kvadratmetr yol örtüyü dəyişdirilib. Bildirib ki, Böyük Qala küçəsində yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.

Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib.

Qurumun rəhbəri bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin idarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, son dövrlər müşahidə edilən turistlərin artım dinamikasına görə birmənalı olaraq söyləmək olar ki, İçərişəhərə, eləcə də Qala qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, ötən ildə 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib.

Ə. Ələkbərov bildirib ki, 2020-ci ildə İçərişəhərin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 illik yubileyi və bununla bağlı olaraq, ölkəmizdə və bir sıra xarici ölkələrdə silsilə tədbirləri keçiriləcək. Bunlara misal olaraq “Romualdo Del Bianko” Fondunun təşkilatçılığı ilə baş tutacaq 22-ci Beynəlxalq Assambleya və Simpoziumda xüsusi təqdimatlar tədbirini, Türkiyədən gələn eksponatlarla “Azərbaycan hökmdarları: Ağqoyunlular” mövzusunda sərginin təşkilini göstərmək olar. Bakı Fotoqrafiya Evində fransız arxeoloqu, səyyah və etnoloqu Jozef Baron de Bayın Bakıya aid fotolarının nümayişi, “İçərişəhər – Dünya İrs Şəhəri 2020” mövzusunda beynəlxalq seminar və bir çox mühüm layihələr üzərində işlər davam etdirilir.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar İdarə Heyətinin sədri tərəfindən cavablandırılıb.