Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli opera mügənnisi, aktyor, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Open.az xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tədbirə teatr korifeyinin həyat və yaradıcılığını əks etdirən səyyar foto- sərgi ilə qatılıb. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlayıb. 1908 ildən “Nicat” cəmiyyəti nəzdindəki opera truppasının solisti olub. Ü. Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı olub. O, bu rolda 1908 – 1941-ci illərdə 400 dəfədən artıq çıxış edib. Digər milli opera və operettalarda da əsas partiyaları ilk dəfə H.Sarabski ifa edib.

Şeyx Sənan, Şah Abbas, Kərəm, Sərvər, Əsgər (Ü.Hacıbəyli – “Şeyx Sənan”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”), Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. Sarabski sənətinin ecazkarlığı obrazların daxili aləmini təbii boyalarla ifadə etməsində idi. H.Sarabski Bakıda keçirilən “Şərq gecələri”nin təşəbbüsçüsü və fəal iştirakçısı olub. O, həmçinin “Müsəlman opera truppası” və “Müsəlman dram truppası”nın yaradıcılarından biri idi. H.Sarabski 1910-cu ildən rejissor kimi də fəaliyyət göstərib. “Rüstəm və Zöhrab”, “Ər və arvad” (1910, Ü.Hacıbəyli), “Arşın mal alan” (1913, Ü.Hacıbəyli), “Ölülər” (1916, C.Məmmədquluzadə) əsərlərini tamaşaya qoyub. Bakıda Mərkəzi Fəhlə Klubunda dram dərnəyinə rəhbərlik edib. H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmaqla bərabər, 1932-ci ildən ömrünün sonuna kimi Xalq Yaradıcılığı Evinin rəhbəri olub. O, Azərbaycan Dövlət Konservatoriyasında və Azərbaycan Dövlət Musiqi Məktəbində (muğam sinfi üzrə) dərs deyib. Azərbaycan muğamlarının inkişafında, təbliğində, proqramlaşmasında və tədrisində H.Sarabskinin misilsiz xidmətləri olub. H.Sarabski həmçinin bir sıra pyeslərin müəllifidir: “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qarşığına” və s. H.Sarabskinin “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri teatr tariximizin öyənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski “Muğan”, “Dağlar”, “Leyla” və s. mahnıların müəllifidir.