10:50

İyunun 8-də Mərkəzi Gömrük Hospitalında əməliyyat olunan, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimova qaraciyər köçürülüb.

Open.az xəbər verir ki, martın 27-dən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən aktyorun müalicəsi və orqan köçürülməsinə kömək edilməsi üçün, Heydər Əliyev Fonduna müraciət olunub. Heydər Əliyev Fondu dərhal hərəkətə keçərək, vəziyyəti günü-gündən pisləşən aktyora yardım əlini uzadıb. Yalçın Səlimova iki gün əvvəl qaraciyər köçürülüb.

Aktyorun donoru yaxın qohumu olub. Belə ki, aktyora bacısının oğlu donorluq edib.

Bu barədə Open.az-a özəl açıqlamasında Sumqayıt Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov məlumat verib.

Firudin Məhərrəmov ötən gün Yalçın Səlimovun əməliyyatdan sonra ayıldığını və bu gün reanimasiyada yaxın qohumlarının onu ziyarət edə biləcəyini bildirib: "Yalçının əməliyyatı çox ağır, amma uğurlu keçib. 8 saatlıq ağır əməliyyatdan sonra bacısı oğlunun donorluğu ilə, Yalçına yeni qaraciyər köçürülüb. Bacısının oğlu cavandır. Cəmi 20 yaşı var. Yalçın hələ reanimasiyadadır. Ötən gün ayılıb. Bu gün isə ən yaxın qohumları, yəni valideynləri onu şüşə arxasından ziyarət edə biləcəklər. Təbii ki, yanına buraxılmamaq və yaxın təmas olmamaq şərtilə. Çünki Yalçının əməliyyatı çox ağır olub. Hələ sağalması, bərpa prosesi bir xeyli çəkəcək. Heydər Əliyev Fondu sağ olsun. Heydər Əliyev Fonduna Teatrımızın adından böyük minnətdarlığımızı bildiririk. Bütün teatr, teatrımızın rəhbərliyi, kollektivimiz Yalçının sağlamlığına qovuşması üçün əlimizdən gələni etdik. İnşallah, bundan sonrası Allahın ümidində və özünün əlindədir. Gərək sağlamlığının keşiyində daha möhkəm dayana".

Xatırladaq ki, 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışan Yalçın Səlimov qaraciyər serrozundan əziyyət çəkib.

Yalçın Səlimov 1973-cü ildə anadan olub.

***

Yalçın Səlimov bu dəqiqələrdə palataya köçürülüb.

Aktyor Open.az-a bildirib ki, özünü normal hiss edir. Donoru olan qohumunun da vəziyyəti yaxşıdır. Axşam saatlarında onu ziyarət etmək istəyənlər yanına gedə bilərlər.

Ülviyyə Həsənqızı