Gəncə Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən "21-ci Dövlət Teatrları - Sabancı Beynəlxalq Adana Teatr Festivalı"nda gürcü yazıçısı Nodar Dumbadzenin "Hellados" psixoloji dramı ilə çıxış edib.

Open.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Gəncə Teatrının baş rejissoru İradə Gözəlovadır.

Tamaşanın rəssamı Mirzə Mehdi, musiqi tərtibatı isə İradə Gözəlovaya məxsusdur.

Tamaşada əsas rolları xalq artisti Alim Məmmədov, Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova, Yusif Cəfərov, aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev, Məhəmməd Cəfərov, Elşən Cəfərov, Samir Rəhimov ifa ediblər.

Tamaşada hadisələr Gürcüstanın Abxaziya bölgəsində, Suxumidə cərəyan edir. Yunan əsilli Yanqu öz davakarlığı ilə məhəllədəki yeniyetmələr arasında seçilir. Onların yaşadığı bölgəyə, xalasının yanına köçən gürcü Camal ilk gündən Yanqunun qəzəbinə tuş gəlir. Bu iki yeniyetmə arasında yaşananlar, bir az gülməli, bir az da düşüncürü formada tamaşaçılara təqdim olunur. Sonradan cərəyan edən hadisələr və faciəvi sonluq, mənfi obraz kimi bilinən Yanqunun, əslində nə qədər böyük ürəyə sahib olduğunu göstərir.

Adana Sabancı Oda Tiyatrosunun səhnəsində nümayiş olunan tamaşanın özəl fotolarını, görkəmli teatr xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, xalq artisti Cahangir Novruzov Open.az-a təqdim edib.

Xatırladaq ki, "21-ci Beynəlxalq Adana Teatr Festivalı" aprelin 30-dək davam edəcək.

Ülviyyə Həsənqızı