Martın 27-də Türkiyənin Adana şəhərində 21-ci Dövlət Teatrları - Sabancı Beynəlxalq Adana Teatr festivalı öz işinə başlayacaq.

Open.az xəbər verir ki, 21-ci dəfədir keçirilən festival 1 ay davam edəcək.

Beynəlxalq Teatr Günündə start götürəcək festival aprelin 30-da başa çatacaq.

Festivalda nümayiş olunacaq tamaşalar əsasən türk teatrlarının təqdim etdiyi əsərlərdir. Xarici qonaq qismində isə Polşa, Argentina, İspaniya, Gürcüstan, Azərbaycan və Özbəkistandan gələcək teatr truppaları çıxış edəcək.

Festivalın açılışında Türkiyənin Şaman Dans Teatrının "Anadolu eşq əfsanələri" tamaşası nümayiş olunacaq.

Festivalda Azərbaycanı Gəncə Dövlət Dram Teatrı, rejissor İradə Gözəlovanın "Hellados" tamaşası ilə təmsil edəcək.

Gəncə Dövlət Dram Teatrının tamaşası aprelin 15-16-da Hacı Ömer Sabancı Kültür Merkezi Sabancı Oda Tiyatrosunda nümayiş olunacaq.

Qeyd edək ki, Festivalın bağlanışı aprelin 30-da Özbəkistan Teatrının "Ataların qılıncı" və Türkiyənin "Hayal Pərdəsi" Teatrının quruluşunda, A.P.Çexovun "Üç bacı" əsərinin nümayişi ilə baş tutacaq.

Ülviyyə Həsənqızı