"Konfransla bağlı fikirlərim çox gözəldir. Konfransın əvvəlində nümayiş olunan o görüntülər ATXİ-nın tədbirlərinin kiçik xülasəsidir. Bizim keçirdiyimiz tədbirlərin siyahısı o qədər böyükdür ki, onların hamısının videosu var. Bütün tədbirlərimizə Azərpaşa Nemətov rəhbərlik edib. Onun təşəbbüsü, səyi, əziyyəti ilə keçirilib. Azərpaşa Nemətovsuz bütün bu tədbirlər keçirilə bilməz"

Bu fikirləri Open.az-a açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov deyib.

Bu gün ATXİ-nın XIV Konfransında yenidən sədr müavini seçilən Hacı İsmayılov İttifaqa Azərpaşa Nemətovdan başqa rəhbərin seçilməsinin mümkünsüzlüyünü bildirib: "Bilirsiniz, təzədən velosiped icad etməyin mənası yoxdur. Bizim nizamnaməmiz var. Bu nizamnamə illərin təcrübəsindən keçib, toplanıb-toplanıb gəlib bu halını alıb. Sadəcə nizamnaməyə əlavələr və dəyişikliklər etmək olar. Bizim İttifaqın qapısı bundan sonra da hamının üzünə açıqdır". deyən Hacı İsmayılov, Xalq artisti Afaq Bəşirqızının konfransın işini boykot edib yarımçıq çıxması və mətbuat nümayəndələrinə etdiyi bəyənata fikir bildirərkən isə bunları deyib:

"Afaq Bəşirqızı ittihamlar irəli sürüb. Bu gün gördü ki, onun ittihamlarının heç bir əsası yoxdur. O böhtanların, qərəzlərin, qeyri-obyektiv fikirlərin əsası yoxdur. Söylədiyi o fikirlərə görə mən fikirləşdim ki, bu aktrisa niyə belə edir? Niyə özünün qazandığı hörməti aşağı salır. Özünün hörmətini, bizim sənətkarların ona qarşı bəslədiyi xoş, səmimi münasibətini aşağı saldı. Ümumiyyətlə heç bir sənətkara arzu etmirəm ki, belə işlərə qarışsın. Hər kəs öz işi ilə məşğul olsun. Aktyor akyorluğu, rejissor isə rejissorluğu ilə..." deyə Hacı İsmayılov əlavə edib.

Ülviyyə Həsənqızı