Görkəmli sirk artisti, atlardan ibarət balet "Məhəbbət haqqında dağ əfsanəsi" baletinin Bədii rəhbəri, RSFSR Xalq artisti Tamerlan Nuqzarov vəfat edib.

Open.az xəbər verir ki, ötən gün 77 yaşında vəfat edən Tümerlan Nuqzarovu "Qəlbləri fəth edən atlı" adlandırıblar.

"Atlar məni ayaq səslərimdən tanıyır" deyən mərhum sirk artisti uşaqlıqdan at belində böyüyüb.

Tamerlan Temirsoltan oğlu Nuqzarov 1942-ci il iyunun 1-də Ordjenikidzedə anadan olub. Tamerlan Nuqzarovun atası inquş, anası isə osetindir. Kiçik yaşlarından at minməyi sevən Tamerlan, 15 yaşından sirkdə çalışmağa başlayıb. 1971-ci ildə Mahmud Esambayevin köməkliyi ilə atlardan ibarət "Dağ əfsanəsi" adlı balet nömrəsini yaradıb.

Dünyanın 25-dən çox ölkəsində at belində çıxışlar edən Tamerlan Nuqzarov, ən yüksək ali mükafatlara layiq görülüb. Monakoda "Qızıl kloun", İtaliyada "Platin ulduz", ABŞ-da isə sirk artisti kimi "Oskar" mükafatının sahibi olub.

Rusiyalı tamaşaçılar isə Tamerlan Nuqzarovu "Салют Победы!" hərbi-vətənpərvərlik tamaşasında ifa etdiyi Georgi Jukov rolu ilə tanıyıb, seviblər.

2017-ci il avqustun 12-də Moskva Dövlət Böyük Sirkinin Ulduzlar Xiyabanında Tamerlan Huqzarovun adına ulduz açılıb.

Bütün ömrünü at belində keçirən qüdrətli sənətkarın ailə üzvləri - oğlanları və nəvələri də sirk aktyorlarıdır. Atlardan danışanda Tamerlan Nuqzarovun adını anmamaq günah olar.

Qeyd edək ki, qüdrətli sənətkarın harada və nə zaman dəfn ediləcəyi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı