Bu gün görkəmli şərqşünas alim, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın yubileyidir.

Open.az xəbər verir ki, mərhum alimin anadan olmasının 80 ili tamam olur.

Aida İmanquliyeva 52 yaşında dünyadan köçsə də şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır. Aida İmanquliyevanı xatırlayanlar onun barəsində hər zaman yüksək fikirlər, dəyərli ifadələr səsləndirilər. Həqiqətən də Aida xanım, dəyərli elm xadimi, gözəl ana, əsl ziyalı mövqeyi ilə seçilən xanım olub.

Görkəmli alim Aida İmanquliyevanın yubileyidir

1939-cu ildə Azərbaycanın görkəmli jurnalisti, elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gələn Aida xanım, 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Aida İmanquliyeva Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

Görkəmli alim Aida İmanquliyevanın yubileyidir

A.İmanquliyevanın “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da (Moskva, 1979, VU buraxılış) çap etdirib. A.İmanquliyevanın müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub.

Görkəmli alim Aida İmanquliyevanın yubileyidir

A.İmanquliyeva həmçinin, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında” (1970), “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi” (1977), “Sovet Azərbaycanı və xarici Şərq” (1980), “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi” (1982), “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri” (1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə” (1987), “Xarici Şərqin problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında ənənə və novatorluq” (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. İctimai işlərdə fəal çalışıb.

Görkəmli alim Aida İmanquliyevanın yubileyidir

Aida İmanquluyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). O, Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Aida İmanquliyeva qısa ömür payına böyük işləri sığdırıb. Adını Azərbaycan şərqşünaslıq elmi tarixinə qızıl hərflərlə yazan Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da dünyasını dəyişib.

Böyük alim, gözəl xanım, dəyərli ziyalı Aida İmanquliyevanın ruhu şad, məkanı cənnət olsun!

ÜLVİYYƏ HƏSƏNQIZI

Görkəmli alim Aida İmanquliyevanın yubileyidir