Azərbaycanın görkəmli teatr xadimi, Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi qeyd olunacaq.

Bu barədə Open.az-a Məmmədəli Vəlixanlının qızı, tanınmış alim, tarix üzrə elmlər doktoru, professor Nailə Vəlixanlı məlumat verib.

Mayın 30-da keçiriləcək tədbir, Məmmədəli və Aqşin Vəlixanlıların doğma teatrı olmuş - Akademik Milli Dram Teatrında baş tutacaq.

Teatr Xadimləri İttifaqının təşkil etdiyi tədbir əvvəlcə teatrın foyesində Məmmədəli Vəlixanlının 120 illik yubileyinin anılması ilə başlanacaq. Qüdrətli aktyorun şərəfinə təşkil edilən tədbirdən sonra isə görkəmli teatr xadiminin yaxın dostu olmuş, dahi dramaturq Cəfər Cabbarlının "Almaz" pyesi nümayiş etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Məmmədəli Vəlixanlı "Almaz" əsərində Ocaqqulu obrazının mahir ifaçılarından biri olub.

Nailə Vəlixanlının sözlərinə görə, atasının ifa etdiyi Ocaqqulu obrazınında uzun illərdən sonra qardaşı, mərhum aktyor, Əməkdar artist Aqşin Vəlixanlı da çıxış edib.

Məhz bu səbəbdən Akademik Teatrın aktyorlarının iştirakında "Almaz" pyesi nümayiş olunacaq və tamaşa bu dəfə Məmmədəli Vəlixanlının şərəfinə oynanılacaq.

Xatırladaq ki, bu il görkəmli sənətkar Məmmədəli Vəlixanlının anadan olmasının 120, vəfatının isə 50 ili tamam olub.

Ülviyyə Həsənqızı

Görkəmli aktyor Məmmədəli Vəlixanlının yubileyi qeyd olunacaq