Yanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, sevilən aktrisa, Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək.

Bu barədə Open.az-a açıqlama verən Almaz xanım bildirib ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir: "Adi yubiley tədbirinin olmasını istəmədim. Yəni mən əyləşim, hər kəs də gəlib təbrikini etsin. Belə bir tədbirin olmasını istəmirəm. Daha maraqlı, qonaqları yormayan, teatrlaşdırılımış yubiley tədbiri olacaq. Rejissor Nicatdır, rəssam isə oğlum Mustafadır. Yubiley mərasimində teatrımızın kollektivi çıxış edəcək. Səhnədən mənə təbriklər ünvanlanacaq, ekranda sənət fəaliyyətimi əks etdirən fotolar, kadrlar nümayiş ediləcək. Bütün sirləri açmıram. İnşallah, tamaşaçılar özləri gəlib görərlər". deyən Almaz Mustafayevaya 70 yaşında yalnız can sağlığı diləyirik.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləmi ilə tanışlığı yaranan aktrisa, "Sehirli xalat" filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Almaz Mustafayeva kinoda və teatrda maraqlı, biri-birindən seçilən fərqli obrazlar ifa edib.

50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.

Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.

Ülviyyə Həsənqızı

Gənc Tamaşaçılar Teatrında Almaz Mustafayevanın yubileyi qeyd ediləcək