Azərbaycanın görkəmli sənətkarı, xalq artisti, unudulmaz Fuad Poladovun əziz xatirəsinə ithaf olunan “Köhnə telefon” tamaşasının yaradıcı heyəti Estoniyaya yola düşüb.

Bu barədə Open.az-a aktyor Hikmət Rəhimov məlumat verib.

Hikmət Rəhimov martın 18-də premyerası olacaq tamaşanın məşq prosesinin başlandığını bildirib. "Eston Dram Teatrının səhnəsində məşqlərimiz başlanıb. Əsas məşq günü martın 17-də olacaq. Martın 18-i saat 19.00-da isə ustadın xatirəsinə həsr olunan tamaşamızı nümayiş etdirəcəyik. Tamaşanın ərsəyə gəlməsində və Estoniyada nümayiş olunmasında bizə yaxından dəstək olan, layihə rəhbəri Sənəm Əliyevaya yaradıcı heyət adından ürəkdən təşəkkür edirəm. İnşallah, tamaşanı Bakıdakı dostlarımıza da nümayiş etdirəcəyik. Mayın 5-i və 24-də müəllimin anım və doğum günündə "Köhnə telefon" tamaşasını Bakıda oynamağı planlaşdırmışıq. Allah qismət eləsin. Fuad müəllimin ruhu şad olsun."

Qeyd edək ki, martın 18-də Tallin şəhərində Estoniya Dövlət Dram Teatrında Fuad Poladovun xatirəsinə həsr olunmuş Paul Villardın “Köhnə telefon” əsəri oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

Baş rolu istedadlı aktyor Hikmət Rəhimov ifa edəcək. Həmçinin əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova tamaşada çıxış edəcək.

Layihənin rəhbəri uzaq Estoniyada Azərbaycan mədəniyyəti, incəsənəti, teatrını tanıdan həmyerlimiz Sənəm Əliyevadır.

Tamaşa Estoniya Mədəniyyət Nazirliyinin, Estoniya Dram Teatrının, Tallin Bələdiyyəsinin, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin, Estoniyadakı Azərbaycan icmasının, Türkiyə Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə ərsəyə gələcək.

“Köhnə telefon”un ən böyük özəlliyi yaradıcı heyətin bütünlüklə Fuad Poladovu şəxsən tanıyan, mütəmadi ünsiyyətdə olan, onu dəyərləndirən insanlardan ibarət olmasıdır.

Martın 19-da tamaşanın yaradıcı heyəti Bakıya qayıdacaq. Fuad Poladovun əziz xatirəsinə həsr olunan tamaşaya Bakıdakı teatrsevərlər mayın 5-i və 24-də tamaşa edəcəklər.

Xatırladaq ki, mayın 5-i ustad Fuad Poladovun vəfatının ildönümü, mayın 24-də isə doğum günüdür.

Ülviyyə Həsənqızı