Bu gün Azərbaycanın xalq Artisti, əvəzolunmaz Fuad Poladovun doğum günüdür.

Bu gün 71 yaşı tamam olan Fuad müəllimi sevənləri, əzizləri yad edəcəklər.

Fuad müəllimin ziyarətinə getdiyimiz məkanda olan gül-çiçəklər hər dəfə diqqətimi cəlb edir. Fuad Poladovun doğum günündə onun məkanını gül-çiçəklə bəzəyən bir insanı hər kəslə tanış etmək istəyirəm.

Məhəmməd Şahməmmədli bir zamanlar Fuad Poladovun tələbəsi olub.

Artıq bir ildir ki, Qurd qapısı məzarlığının bizlərə doğma olan bu hissəsində gül-çiçəklər əkir, buranı şəxsi təşəbbüsü ilə yaşıllaşdırır.

-Məhəmməd bəy, Fuad müəllimin uyuduğu məkanın ətrafında bu işləri görmək, gülləri əkib-becərmək fikri nə zaman yarandı?

- Fuad müəllimin vəfatından bir ay ötmüşdü. Özümə yer tapa bilmirdim. Düşünürdüm ki, mən, əziz müəllimim üçün nə edə bilərəm. Çox fikirləşdikdən sonra məzarlıqda gül-çiçək əkmək qərarına gəldim.

- Fuad müəllimin sizdən başqa nə qədər tələbələri olub. Niyə siz?

- Vallah nə deyim? Mən özümə yer tapa bilmirdim. Müəllimim üçün nəsə etməliydim ki, rahat olum. Dəfn günü məzarının ətrafında boş yerin, torpağın qaldığını gördüm və həmin anda ağlımda bir fikir yarandı. Mən buranı gül-çiçəyə qərq edəcəkdim. Belə də edirəm. Fuad Poladov dünyasını dəyişdikdən sonra hər bayramda, əziz günlərdə məzarlığa gəlirəm. Hər dəfə yeni güllər gətirirəm, kompozisiyanı dəyişirəm. İldönümündə güllərdən bir başqa kompozisiya qurdum.

- Fuad Poladov sizin müəlliminiz olub. Onu ilk dəfə nə vaxt, necə gördünüz? Sizlərə ilk sözü nə oldu? Yaddaşınızda necə qalıb?

- 1988-ci ildə İncəsənət İnstitutuna qəbul oldum. Bizim kurs rəhbərimiz xalq artisti Elmira Şabanova idi. 3 qrup var idi. Mən “V” qrupundaydım. “A” qrupunun rəhbəri isə Böyükağa Kazımov idi. O, gedəndən sonra həmin kursu Fuad Poladov götürmüşdü. Bunu bildiyimə görə o kursa keçmək üçün can atırdım. 1989-cu ildə Fuad Poladovun kursuna keçmək istədiyimi bildirdim və Timuçin Əfəndiyevə ərizə ilə müraciət etdim. Sağ olsun, məni başa düşdü və ərizəmi təsdiqlədi. Nəhayət istəyim baş tutdu. Fuad Poladovun kursuna keçdim. Sentyabrın 1-dən dərslər başladı. İlk dərs günü Fuad Poladov auditoriyaya daxil oldu. Fuad müəllim uşaqlıqdan kumirim idi. "Atayevlər ailəsi", "Alov" tamaşalarına baxıb, ona pərəstiş edirdim. Bu şansın əlimə düşdüyünə görə, çox şad olmuşdum.

- Neçə yaşınız var idi?

- 20 yaşım vardı.

- Fuad müəlimin də 41 yaşı olub.

- Hə, 40-41 yaşı olardı. Tələbələrini "Sən istedadlısan" və ya əksinə "İstedadsızsan" deyə seçməzdi. Qrupda 13 nəfər var idi.

- Kimlərin adını çəkə bilərsiniz?

- 13 tələbədən təkcə Elxan Yunisin adını çəkə bilərəm. Sənəti tək o, davam etdirdi. Yerdə qalan 12 nəfər sənətlə məşğul olmadıq. Bir tələbə yoldaşımız isə sənətə gəlmişdi. Amma sonradan həyatı faciəli sonluqla bitdi.

- Nə oldu?

- Özünü yaşadığı binadan atıb, intihar etdi.

- Kim idi?

- Məfkurə Məhərrəmova adında qız idi. İstedadlıydı. Hətta "Qara volqa" filmində Fuad müəllimlə tərəf müqabili də olmuşdu.

- "Qara volqa" filmi yadımdadır. Hansı qız idi? Baş rolun ifaçısı?

- Hə. Fuad müəllimlə səhnələri də var idi.

- Bildim kimi deyirsiniz. Yaraşıqlı xanımdı. Sonralar bir-iki filmə və klipə də çəkilmişdi.

- Bəli. Həmin qız özünü binadan atdı. Həm də intihar edəndə hamiləydi.

- Çox dəhşətlidir. Təəssüf edirəm. Düzü heç bilmirdim.

- Elədir. Həm də Məfkurə Məhərrəmova çox istedadlıydı. Sonra Rəna Abdulova və Nəzakət adlı qrup yoldaşımız vardı. Türkiyədə model kimi çalışırdı. İndi Londonda yaşayır və müğənni kimi fəaliyyət göstərir.

- Beləliklə, Fuad müəllim auditoriyaya daxil oldu və cavan tələbələrə ilk sözü nə oldu?

- İlk olaraq bizimlə tanış oldu. Hər birimizin adlarını qeyd elədi. 2-ci kursdan kiçik səhnəciklər hazırlamağa başlamışdıq. Mən də Mübariz Nağıyev adlı tələbə yoldaşımla birlikdə kiçik səhnə hazırlamışdıq. Sonra elə oldu ki, Mübarizin səhvi ucbatından səhnəciyi göstərə bilmədik və Fuad müəllimdən ilk dəfə qış imtahanında “3” aldım. Amma özümə söz verdim ki, Fuad Poladovdan “5” alacam. 3-cu kursda oxuyanda bizimlə Nodar Dumbadzenin "Darıxma, ana" tamaşasını hazırladı.

- Fuad müəllimin bir zamanlar çıxış etdiyi tamaşa...

- Elədir. Həmin əsərdə bir erməni obrazı var idi. Həmin rolu Fuad müəllim mənə tapşırdı. Rolun öhdəsindən bacarıqla gəldim və Fuad müəllimdən “5” aldım.

- Fuad Poladovdan “5” qiyməti almaq asan deyil. Sonra kimə “əla” yazdı?

- Elxan Yunis də “əla” qiymət aldı.

- Fuad müəllimin “Darıxma, ana” tamaşasında bir zamanlar yaratdığı obrazı hansı tələbə ifa etdi?

- Eldəniz adında oğlan var idi. O, ifa etdi. Amma o, da sənətdə qalmadı. Bir sözlə, aktyor sənətində qalan təkcə Elxan Yunis oldu. Faiq Mövlamov da var idi. İndi İTV-də səs rejissoru vəzifəsində çalışır. Nə oğlanlarımız, nə də qızlarımızdan heç kim sənətdə qalmadı. Mən bir müddət Gənc Tamaşaçılar və Bələdiyyə Teatrlarında çalışdım. Vəssəlam...

- Bəs siz niyə sənətdə qalmadınız?

- Nə bilim mən də davam etmədim.

- Səbəb nə oldu? Düşündünüz ki, güclü aktyor ola bilməyəcəksiniz?

- Yox, niyə ki? Məni tanıyanlar bilirlər. Rejissorlar mənə vəziyyəti bir dəfə izah edərdilər. Nəsə problemlərim yarananda başqasının ucbatından yaranardı. Belə şeylər çox olur. Hətta Fuad müəllim kimi səbrli insanı bizim qrupumuzda bir qız hövsələdən çıxarırdı.

- Hansı qız?

- Zülfiyyə Səfərova adında tələbə yoldaşımız var. Fuad müəllim bizim kursda iki dəfə əsəbləşib, ikisi onun ucbatından olub. İndi özü də xəstədir. Avtomobil qəzasına düşdü və ayağından ziddi zədə aldı.

- Hə, xatırladım. Fuad müəllimin yas mərasiminə gəlmişdi...

- Bəli, elədir. Biz gətirmişdik.

- Nəyə görə əsəbləşdirmişdi? Səbəb nə idi?

- 2-ci kursda Fuad müəllim İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərini hazırlayırdı. Zülfiyyəyə Anjel obrazını tapşırmışdı. Zülfiyyə Fuad müəllimə dedi ki, “Fuad müəllim, olar, bu səhnədə mən gələndə “lya-lya-la-la” deyib, oxuyaraq gəlim. Fuad müəllim gülümsədi və “Sənə olar” dedi. Zülfiyyə səhnəyə gəlməyə başladı və hər dəfə “lya-lya-la-la” deyirdi, Fuad müəllim isə “Zülfiyyə olmadı, alınmadı, bir də” deyib, onu geri qaytarırdı. Beləliklə, bu səhnə 8-9 dəfə təkrarlandı. Zülfiyyə bir az uşaqcasına rəftar elədi və Fuad müəllimə dediyi söz müəllimin xoşuna gəlmədi və ilk dəfə qapını çırpıb, otağı tərk etdi.

- Çox pis hərəkət edib...

- Cavanlıq idi. İlk dəfə Fuad müəllimin əsəbiləşməyini onda gördüm. Bir də 4-cü kursda “Dənizçilər evi”ndə “Darıxma, ana” tamaşasının proqon məşqləri gedir. Zülfiyyə də Vano dayının arvadı rolunu oynayır.

-Yenə Zülfiyyə?

- (Gülür) Hə. Deməli Zülfiyyə əlində podnosla (sini) gəlir və hər dəfə podnosu stola çırparaq qoyur. Fuad müəllim: “Podnosu ehtiyatlı qoy”deyib, ona iradını bildirdi. Amma bu hal bir neçə dəfə təkrar olundu və Fuad müəllim vəziyyətinin düzəlmədiyini görüb, qapını çırpdı və getdi... Hamımız qrup yoldaşımız olan qızı danladıq. Amma xeyri yox idi.

- Fuad müəllimin nələr çəkdiyini başa düşürəm...

- O illərdə Fuad Poladov Akademik Dram Teatrından getmişdi. Artıq Rus Dram Teatrında çalışırdı. Həmişə soruşurduq ki, Fuad müəllim, Həsənağa Turabovla niyə inciklik yaşadınız? Niyə o teatrdan getdiniz? Bir dəfə də olsun o barədə heç nə demədi.

- Fuad müəllim deməzdi. O, hər şeyi ürəyində saxlayırdı.

- Rus Dram Teatrına təzəcə getdiyi dövrdə fransız dramaturqun əsərini səhnəyə qoymuşdular. Əsər “Tənha kişi üçün tələ” adlanırdı. Fuad müəlimin Rus Dram Teatrında ilk rolu idi. Baş rolda çıxış edirdi. Fuad müəllim, səhnədə elə hərəkərlər edir, obrazın daxili aləminə elə nüfuz edirdi ki, hamımız heyranlıqla ona tamaşa edirdik. Tamaşanı izləmək üçün Moskvadan tanınmış teatr tənqidçisi gəlmişdi. Tamaşa bitdi və müzakirə başladı. Rəhmətlik Məlik Dadaşov Rus Dram Teatrının direktoruydu. Məlik Dadaşov bütün aktyorları təqdim etdi. Növbə Fuad müəllimə çatanda dedi ki, “Fuad Poladov Azərbaycan SSR-nin xalq artistidir. Ömrü boyu Akademik Dram Teatrında çalışıb və hər zaman azərbaycan dilində tamaşalar ifa edib. Bu gün ilk dəfədir ki, rus dilində tamaşa oynayır. Bu rol onun bu teatrda debütüdür”. Moskvadan gəlmiş teatr tənqidçisi dözmədi. Yerindən qışqırdı ki: “Bu yalandır. Bu aktyor rus dilində danışan azərbaycanlı deyil. Bu aktyor rus aksenti ilə danışan əsl fransızdır.”

- Çox təsirlidir.

- İnanırsınız. And olsun Allaha, bunu deyəndə hamımız fəxr edirdik. Heyrətə düşmüşdük. Deməli, Fuad Poladovun ifasını bir dəfə görən tənqidçi ona heyran olur. Vurğunluğunu gizlədə bilmir. Amma bizimkilər...

- Biz həmişə belə olmuşuq. Şəxsiyyətlərimizə əsl dəyərini ya vermirik və ya dünyasını dəyişəndən sonra veririk. Fuad müəllimin iştirakı ilə sonra hansı tamaşaları izlədiniz?

- Çox tamaşalarına getmişik. İndi hamısını xatırlamıram. Bütün qrupu dəvət edirdi: “Gəlin, baxın, nələrisə mənimsəyin” deyirdi. Amma biz çox zaman cavanlığımıza salırdıq. Sonuncu dəfə Akademik Dram Teatrının səhnəsində “Hamlet”inə baxdım.

- Gör nə qədər fasilə vermisiniz... “Şah Qacar”a baxmadınız?

- Təəssüf ki, Qacara gedib baxa bilmədim.

- Çox təəssüf. Fuad müəllimin Qacarı çox möhtəşəm idi. Başqa obrazları kimi... Sizə 4 il dərs dedi?

- 3 il. İkinci kursdan axırıncıya kimi. Hər zaman onu axtarırdım. Ayda bir dəfə zəng edirdim.

- Sizə nə deyirdi? Sənəti davam etdirmədiyinizə görə, danlamırdı?

- Yox, danlamırdı. Mən,“Zabitlər bağı”na direktor təyin ediləndə xəbəri eşidib çox sevindi.

- Heç bura gəlmişdi?

- Yox, təəssüf ki, gələ bilmədi. Həmişə danışanda bir gün gələcəyini deyirdi. Amma alınmadı. Hər dəfə zəng edəndə: “Mamed müəllim... Salam...” deyərdi.

- Hə, müraciət forması eləydi. Müəllim və xanım. Hamıya xüsusi hörmətlə yanaşırdı.

- Son dəfə Novruz bayramı ərəfəsində danışmışdım. Səsi çox pis gəlirdi. Sonra telefonu qaldırmadı. Ötən il mayın 5-də mənim evliliyimin 20 ili tamam olurdu. Həmin gün ailəvi xüsusi məclis təşkil etmişdik. Amma səhər tezdən Elxan Yunis zəng etdi və bu xəbəri mənə verdi... Telefonumda nömrəsini saxlayıram.

- Təbii ki, hamımız saxlayırıq. Başqa cür ola bilməz.

- Ülviyyə xanım, belə məsəl var. “Polad sınar, əyilməz” Fuad Poladov isə nə sındı, nə də əyildi... Amma tələbələri Fuad müəllimə qarşı nankor çıxdılar. Mən açıq deyirəm. Dəfnində mən, Elxan Yunis və Faiq Mövlamov var idi. Qırx mərasiminə isə qızları da yığmışdıq. İlindən 3 gün əvvəl gedib məzarına baş çəkdim və yeni güllər əkdim. Sonra sosial şəbəkədə xəbər yaydım ki, 3 gündən sonra Ustadın il mərasimidir.

- İl mərasimində Təzə Pir məscidinə gələn qadınları mən gördüm. Kişilər tərəfdə kimlər var idi?

- Akademik Milli Dram Teatrından heç kim gəlməmişdi.

- Məlum məsələdir...

- Bilirsiniz niyə? Ülviyyə xanım, Fuad Poladovun ölüsünü də qısqanırlar. Siz dəfndə qəbiristanlığa gəlmişdiniz?

- Qadınları qəbiristanlığa getməyə qoymadılar. Mən, ailəsi ilə birlikdə evlərində qaldım.

- Siz dəfndə olan izdihamı görəydiniz. Bilirsiniz, nə qədər adam var idi? Çünki ora hamı ürəyinin istəyi ilə gəlmişdi. Heç kimi məcbur edib, gətirməmişdilər. Fuad müəllimi torpağa tapşırandan sonra evə gəlib, 4 sətirlik ürək sözümü yazdım.

Fani dünyada

Unudulmaq

Ağır olur

Dərdin alım, ustad!

Bunu bir il əvvəl yazmışdım. Amma görürəm ki, vaxt özü işini görür. Unudulur...

- Yox, sizinlə razı deyiləm. Qətiyyən unudulmur. Unudulmayacaq da.

- Ülviyyə xanım, bu dünyada çox adamlar unudulur.

- Çox adamlar ola bilər, amma Fuad müəllim unudula bilməz. Bizlər hələ varıq, yaşayırıq, Fuad müəllim hər zaman yanımızda olacaq.

- Mən tələbələrini göz önünə gətirərək danışıram. Məsələn, bizdən aşağı kurslar var idi. Rəfael, Coşqungilin kursu. Bax, onlardan heç kim yox idi.

- Rəfael İsgəndərovu 3 mərasimində, mən özüm görmüşdüm. Amma Coşqun yox idi.

- Mən dəfndə deyirəm. Qəbiristanlıqda heç kim yox idi. Təkcə Səbuhi Rəhimov oradaydı.

- Səbuhini yaxşı tanıyıram.

- Vəfatından bir ay ötürdü. Fuad müəllimin nömrəsinə zəng çaldım. Gülüstan xanım, dəstəyi qaldırdı. O zaman məzarlığı yaşıllaşdırmaq istədiyimi bildirmişdim. Sonra oğlu Ağarəhimlə danışdım bu günədək bunları edə bildim. Nə qədər canımda can var, məzarlığı gül-çiçəklə bəzəyəcəm.

- Tez-tez gedib, güllərə baxırsınız?

- Fuad müəllimlə bağlı xüsusü günlərdə gedirəm. Özümlə meşə torpağı aparıram. Gülləri isə Nardarandan alıb, aparıram.

- Fuad Poladov sizə yaxşı müəllimlik edə bildi?

- Çox yaxşı müəllim idi.

- Fuad müəllimdən nələri öyrəndiniz? Sizə nəyi öyrədə bildi?

- Kişiliyi, mərdliyi. Elə ən əsası bu idi.

- Fuad müəllim onun da dərsini keçirdi?

- Xüsusi dərsə ehtiyac yox idi. Tələbələri onu duyurdu. Bunu da demək istəyirəm. Deməli, Fuad müəllim xarici siqaretlər çəkirdi. Dərsi də həmişə qoşa saat olurdu. Siqareti stolun üstünə qoyub, otaqdan çıxırdı. Otaqdan çıxan kimi siqaretindən götürürdük. Bütöv qutunu qoyub, gedirdi. Qayıdanda, qutunun yarımlandığını görürdü. Heç nə demirdi. Bilirdik ki, özü qəsdən stolun üzərində qoyub gedir ki, biz siqaretdən götürək. Bilirdi ki, ehtiyacımız olur.

-Dərsdən kənar nə danışardı?

- Fuad müəllim, sırf dərsdən danışırdı. Əlavə heç nə danışmazdı. Hələ bəziləri kimi qeybət etmək, kimdənsə danışmaq, belə şeylər Fuad Poladovda yox idi.

- Fuad müəllimin ən çox hansı rolunu sevirdiniz?

- Rus Dram Teatrının səhnəsində baxdığım "Tənha kişi üçün tələ" tamaşasındakı rolunu çox sevdim. Bir də adını çəkdiyim televiziya tamaşalarında olan rollarını.

- Bəs kinoda?

- "Güllələnmə təxirə salınır" filmindəki rolu

- Xan obrazı...

Mən bir zamanlar Vaqif Səmədoğlundan eşitmişdim ki, “Sənətkar və Şəxsiyyət” Fuad müəllim barəsində demişdi. Mən deyərdim ki, “İnsan, sənətkar + şəxsiyyət Bunların cəmi edər Fuad Poladov”

Fuad Poladovdan bir də gəlməz. Onun kimi insan, şəxsiyyət, sənətkar daha olmayacaq. Fuad Poladovun tələbəsi kimi bunu qəti şəkildə deyirəm. Mən deyərdim ki, Fuad Poladov XX-ci əsrin kişi simvoludur. Şəxsən mənim üçün belədir. Kişiliyin simvolu- FUAD POLADOV

Allah, Ustadıma rəhmət eləsin!

Amin!

Ülviyyə Həsənqızı

Fuad Poladovun tələbəsi: Nə qədər canımda  can var, Ustadın məzarını...

Fuad Poladovun tələbəsi: Nə qədər canımda  can var, Ustadın məzarını...