Azərbaycanın rejissorluq məktəbi hər zaman maraqlı, fərqli üslubu, yozumu olan sənət xadimləri ilə seçilib, ad qazanıb.

Mayın 10-da dünyaya gələn, amma rəsmi sənədlərdə doğulduğu gün iyunun 25-də qeyd olunan tanınmış rejissor, xalq artisti, Prezident mükafatçısı, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov özünün xüsusi sənət yolu, rejissor yozumu, dəst-xətti olan sənətkarlar sırasındadır.

Etiraf edim ki, Firudin müəllimlə bu müsahibə daha erkən olmalı, 60 illik yubileyində dərc olunmalıydı. Amma Firudin Məhərrəmovun ikinci doğum gününün iyunun 25-də qeyd olunduğunu nəzərə alsaq, deməli hələ vaxtımız var. Həm də 2019-cu il bütünlüklə ona məxsusdur. Zarafat deyil, müsahibimiz ömrünün 60-cı pilləsinə qədəm basıb...

Firudin Məhərrəmovu tanıdığım başqa rejissorlardan fərqləndirən ən vacib xüsusiyyətlərindən biri də qarşısındakı insana bəslədiyi xüsusi diqqəti, hörməti və təmkinli olmasıdır. Uzun illərdir Firudin müəllimin quruluş verdiyi bir çox əsərlərə tamaşa etmişəm. Onun rejissor duyumu, səhnə yozumu da başqalarndan çox seçilir.

Bir sözlə bu il 60 illik ömür zirvəsinə çatan dəyərli rejissorumuzla söhbətimizə elə yubileyi ilə körpü saldıq.

Open.az xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının Baş rejissoru Firudin Məhərrəmovla müsahibəni təqdim edir:

- Firudin müəllim, 60 yaşınız, yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ömrün 60 illik zirvəsindən baxanda nələr görünür? Həm teatr aləmində, həm də şəxsi həyatınızda... Bu illər ərzində qazandıqlarınız çox olub, yoxsa əksinə?

- Ülviyyə xanim, təbrikinizə və dəyərli sözlərə görə təşəkkür edirəm. Doğrusunu deyim ki, 60 rəqəmini eşidəndə ilk reaksiya diksinmə oldu.(Gülür) Sanki bu günə kimi heç xəbərim yox idi. Təxminən belə bir reaksiya "Mən.. 60... İnanmıram,.. Yox.. Bu məktub mənə deyil. Axı, mən hələ cavanam". Təbii ki, sonra barışırsan. Qəribə peşədir rejissura. "Hamını bəzər, özü lüt gəzər". İndiyədək çoxlu sayda aktyorların yubileylərini hazırlamışam. Halal xoşları. Öz yubileyimə gəlincə isə düşünə bilmirəm, nəsə mane olur. Görünür rejissora da bir rejissor lazımdır ki, onun yubileyini qutlasın.

Əslində qurduğum özəl tamaşalarımdan hər hansı birini yubiley tamaşası kimi düşünmək olar. Sağlıq olsun, hələ ilin sonuna kimi düşünüb, daşınmaq olar.

Sualınızın ikinci hissəsinə gəldikdə isə, onu deyim ki, ilk baxışdan ənənəvi sual olsa da, amma insanı müxtəlif maraqlı fikirlərə, düşüncələrə gətirib çıxarır. Ömrün 60 illik zirvəsindən baxanda insan ən çox öz səhvlərini görməlidir. Yaxşı onsuz da yaxşıdır, amma səhvləri daha çox görüb və nəticə çıxartmaq lazımdır. Səhvləri görmək daha maraqlıdır. Nəyə görə maraqlı olduğunu sizə deyim. Səhvlərdən nəticə çıxartmaq olur. Həmin səhvlərin nəticəsi sənin həyatında çox şeyləri dəyişə bilir. Adi halda insan belə sualları özünə vermir. Nə yaxşı ki, müəyyən yaş həddləri var. Çünki məhz belə məqamlarda belə sualları adama ünvanlayırlar. Əslində isə insan hər gün bu suallar ətrafında fikirləşməlidir. Düşünməlidir ki,mən nələr etmişəm? Nələrə nail olmuşam? Qazandığım və itirdiklərim nə olub? Doğrudanda bunun cavabını tapanda insanın həyatında müəyyən mənada yaxşılığa, rahatlığa doğru nələrsə dəyişə bilər. O ki, qaldı şəxsi həyatımda və teatr aləmində qazandıqlarım və itirdiklərimə... Doğrusunu deyim ki, çox zaman bu iki həyat, yəni şəxsi həyat və peşə həyatı biri-birinə o qədər çıx bağlı olur ki, hətta sərhədləri ayırmaq mümkün olmur. Bir də ki, bu qazanc və itki məsələsi deyəndə biz belə bir ifadə işlədirik ki: "Allah həyatda hər şeyi balanslı şəkildə yaradır". İstər canlılarda, istərsə də təbiətin özündə... Düşünürəm ki, bizim həyatda itirdiklərimiz və qazandıqlarımız bir balans təşkil edir. Şəxsən mən belə düşünürəm. Bəzən düşünürsən ki, "Ay aman, həyatımın müəyyən mərhələsində qara zolaq çox oldu..." Yəni itirdiklərin qazandıqlarından daha çoxdur. Amma nəticədə fikirləşəndə ki, Allah sənə bu ömrü verib, hələ ki, sən yaşayırsan, hələki sən sağlamsan deməli o itirdiklərini əvəzləyə bilərsən. Nələrəsə, bundan sonra daha çox nail ola bilərsən. Bu baxımdan mən belə düşünürəm ki, qazandıqlarımla, itirdiklərim eyni səviyyədədir. Heç biri digərindən üstün deyil. Bu da Allahın qurduğu nizamdır.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Firudin müəllim, yubileyiniz münasibətilə ilin sonuna qədər hansı xüsusi tamaşaya quruluş vermək istəyirisiniz? Adətən rejissorlar ömrünün hansısa yaş həddinə gəlib çatdıqdan sonra xüsusi tamaşa və ya film çəkmək həvəsinə düşürlər...

-Doğrusu yubiley münasibətilə hər hansı məxsusi bir tamaşa qurmaq haqqında heç vaxt düşünməmişəm. Plan qurmamışam. Bu 50 yaşımda da belə olub, 60 yaşda da belədir. Düşünürəm ki, hər bir yaş həddi bunu özü diqtə edir. Həmin yaş həddində sənin düşündüklərin, əldə etdiyin təcrübə onsuz da özünü göstərəcək. Proses təbii getməlidir. Özümüz özümüzə bir sifariş verməyək. Mən ümumiyyətlə klassik tipli əsərləri çox sevirəm. Məsələn, bu il Mirzə Cəlilin 150 illik yubileyidir. İlin sonunadək bu yubiley haqqında düşünməliyik. Prezidentin də bu yubileyin keçirilməsi ilə bağlı fərmanı var. Ona görə də teatrların çoxu Mirzə Cəlilin əsərlərindən ibarət, yəni hər teatr bir əsəri götürüb, hazırlayacaq. Bizim teatr da Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" əsərinə müraciət edib. Bəxtim gətirib ki, bu tamaşanı hazırlamaq mənim qismətimə düşüb. Mirzə Cəlil mənim sevdiyim müəllifdir. Açığı tamaşa haqqında heç düşünməmişdim. Amma məhz bu əsəri hazırlamaq ürəyimdən keçirdi. Sizin sualınıza cavab olaraq deyim ki, 60 illik yubileyimə öz ürəyim istəyən bir əsəri hazırlayacam. Onu da deyim ki, bu əsər üzərində təxminən 20 il əvvəl mən işləmişdim. Təbii ki, 20 ildən sonra yenidən müraciət edəndə müəyyən başqa çalarlar meydana gələcək. İnşallah, bu haqda düşünürük və istərdim ki, ilin sonunda gözəl bir tamaşa ilə teatrımızı, öz tamaşaçılarımızı sevindirim.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Görkəmli rejissorumuz Mehdi Məmmədovun kursunda təhsil almısınız. Müəlliminizin ən çox hansı tamaşasını bəyənirdiniz və 60 illik ömür çərçivəsində Mehdi müəllimin tamaşasına oxşar və ya həmin tamaşanın estetikasında hazırladığınız hansısa tamaşanız olub?

- Bu da maraqlı bir sualdır. Mənə yaxın mövzudur. Mehdi Məmmədov dahi rejissor olmaqla yanaşı, həm də əvəzolunmaz bir pedaqoq idi. Onun nəinki dərsləri, davranış manerası, istər daxili mədəniyyəti hətta çox sevdiyi pauzaları belə bir məktəb idi. Bu insan təpədən dırnağa teatral şəxsiyyət idi. Bilirsiniz, uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu müəlliminə bənzəməyə can atır. Mən də o cümlədən buna çalışmışam. Həmişə tamaşa quranda elə hesab edirəm ki, Mehdi Məmmədova imtahan verirəm. Onun ruhunu hər zaman öz üzərimdə hiss edirəm. Fikirləşirəm ki, bax burada o, necə deyərdi, buna necə qiymət verərdi, necə fikir söyləyərdi. Hər zaman bu tabunu öz üzərimdə hiss edirəm. Bir şeyi də qeyd edim ki, Mehdi müəllimlə yanaşı mənim bir müəllimim də var. Mehdi müəllimin tələbəsi, Xalq artisti Azərpaşa Nemətov. İki güclü rejissorun tələbəsi olmaq, həm qürurverici, həm də çox məsuliyyətlidir. Mehdi müəllimin hansı tamaşasını bəyənməyimə gəlincə isə, düşünürəm ki, hansını deyim. Bilirsiniz necədir? "Canlı meyit”i necə bəyənməmək olar? "Canlı meyit"ə baxıb, loru dilində desək necə meyit olmamaq, meyitə dönməmək olar? "Dəli yığıncağı"na baxıb necə dəli olmamaq olar? Sizə obrazlı dildə deyirəm. Və ya "İblis"-in sehrinə necə düşməmək olar? Yəni bu tamaşaların hamısı Mehdi Məmmədov yaradıcılığının bir pasportu idi. İndiyə qədər də, bu tamaşalar öz aktuallığını saxlayıb. Oradakı mizanlara, aktyor oyunlarına baxanda,daşıdığı ideya yükünə diqqət edəndə görürsən ki, bu tamaşaların hər biri əvəzolunmaz bir dərs vəsaitidir.

Mehdi Məmmədov Opera Teatrında da tamaşalara quruluş verib. Onun "Sevil", "Leyli və Məcnun" tamaşası Opera Teatrına yeni bir nəfəs gətirib. İlk dəfə opera müğənnisi məhz bu tamaşalarda necə də fəal olub. Mehdi Məmmədovun professional musiqi savadı olmasa da o Opera teatrında cəsarətlə tamaşalar hazırlayaraq deyirdi: “Mən yenə də həminki rejissoram amma burda digər vasitə və üsullarla fəaliyyət göstərirəm”. Sualınızın davamı olaraq, Mehdi Məmmədovun estetikasına uyğun olan tamaşama gəldikdə isə, bunu mənim deməyim, nə qədər doğru olar bilmirəm. Amma quruluş verdiyim bir neçə tamaşam, deyilənə görə həmin estetikaya cavab verir. Məsələn, Mingəçevir Teatrında Hüseyn Cavidin “Ana” tamaşasına quruluş vermişdim.Həmin tamaşa 2010-cu ildə "Qızıl Dərviş" mükafatı qazandı. O tamaşanı hazırlayanda Mehdi müəllimin yaradıcılığına müraciət etdim. Mehdi Məmmədovun kitablarını yenidən oxudum. Onun quruluş verdiyi tamaşaları yenidən nəzərdən keçirdim və müəllimimdən bəhrələndim. O tamaşanı hazırlayanda sanki Mehdi Məmmədovun ruhunu hiss edirdim. "Ana" tamaşası Mehdi Məmmədovun estetikasına bir az yaxın idi. Bundan əvvəl isə 2008-ci ildə Yucin Onilin “Qarağaclar altında məhəbbət” adlı tamaşasını hazırlamışdım. Həmin tamaşa da "Qızıl Dərviş" mükafatına layiq görülüb. Deyilənə görə bu tamaşada da Mehdi müəllimə ruh yaxınlığı hiss olunurdu. Bu silsiləyə Akademik Milli Dram Teatrında quruluş verdiyim Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini də aid edə bilərəm. "Anamın kitabı"nı hazırlayarkən, Mehdi Məmmədovun “Dəli yığıncağı” yadımdan çıxmırdı. Mehdi müəllimin o tamaşada elədikləri, istifadə etdiyi fəndlər, aktyorlarla iş üslubunu xatırlayırdım.Ümumiyyətlə, o ruh məni heç zaman tərk etməyib. Bir tamaşamı da qeyd etmək istəyirəm. İnstitut dövründə Cəlil Məmmədquluzadənin "Kamança” əsərinə quruluş vermişdim. Təxminən ikinci kursda oxuyurdum. Mehdi Məmmədov hələ həyatdaydı. Kurs tamaşası kimi hazırladığım əsəri Mehdi müəllimə təqdim elədim. Gəlib baxdı, müəyyən iradlarını söylədi. Mehdi müəllim çox tərif etməyi sevməzdi. Tərifləyəndə də dodağı azacıq qaçardı, vəssalam. Bax onda biz bilirdik ki, Mehdi müəllim məmnun qalıb. O tamaşaya görə Mehdi Məmmədov mənə 5 (əla) yazmışdı. Bayaq vurğuladığım kimi mənim iki müəllimim olub. Mehdi müəllimdə fəlsəfi çalarlar daha çox idi. Azər müəllim isə o zaman Sankt-Peterburqdan yeni gəlmişdi. Orada təhsil alıb, qayıtmışdı və oranın ab-havası ilə gəlmişdi. Azərpaşa müəllimdə tamaşada oyun qurmaq prinsipləri önəmlidir. Biz ondan da çox şey öyrənirdik.Və mənim elə tamaşalarım var ki, onları sırf Azərpaşa müəllimin təsiri altında və ya onun tamaşalarının estetikasında hazırladığımı sayıram. Daha doğrusu həmin tamaşalar o estetikaya uyğun gəlir. Buna misal kimi 1988-ci ildə qurduğum R.Kiplinqin “Öz xoşuna yaşayan pişik” tamaşasını göstərə bilərəm. O tamaşa televiziyanın "Qızıl Fond"unda saxlanılır. Birdə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasının adını çəkə bilərəm. Tamaşa bu günə qədər bizim teatrda oynanılır. Mən o tamaşaya bir neçə dəfə müraciət etmişəm.Tamaşada etdiyim eksperimentlərin köküo zamanlar Azər müəllimdən gəlirdi. Belə eksperimentləri Azərpaşa Nemətovun tamaşalarında çox görmüşdüm.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Bir neçə televiziya seriallarını çəkmisiniz. Son illər daha serial çəkmək marağınız yoxdur? Ümumiyyətlə, sizin kimi teatr rejissoru niyə serial çəkməyə maraqlı olur?

- Onu deyim ki, mən fərdi olaraq bir rejissor yəni film rejissoru kimi serial çəkməmişəm. Mən həmin seriallarda bir ssenarist kimi iştirak etmişəm. Amma eyni zamanda prosesin içində olmuşam, aktyorlarla işləmişəm. Fərdi olaraq işləmişəm və operatorla da çalışmışam. Film çəkməyin bir addımlığında olsam da rejissor kimi kamera arxasına keçmək imkanım olmayıb. O da nədən irəli gəlir? Bilirsiniz, film çəkməyə vaxt ayırmaq lazımdır. Mənim, teatrın baş rejissoru kimi bilirsiniz ki, işlərim çoxdur. Həm tamaşa qurmaq, dövlət tədbirlərində iştirak etmək, eyni zamanda digər tamaşalara nəzarət etmək... Sonra teatrda aktyorlarınmüəyyən problemləri olur. Ümumiyyətlə, yaradıcı prosesi qurmaq və.s. Teatrın baş rejissoru teatra səhər gəlir bir də axşam oradan gedir. Artıq neçə illərdir ki, serial və film çəkən rejissorlarla birlikdə çalışıram. Və görürəm ki, bu işə çoxlu zaman ayırmaq lazımdır. Bu zamanı da mən heç vaxt tapmıram. Bu baxımdan rejissora aktyor ifalarında, aktyorlarla iş prosesində kömək etməklə kifayətlənirəm. Amma film ssenariləri yazmışam. Siz yəqin ki, bilirsiniz. Bir çox serialların ssenarisi mənə məxsusdur. “Şans” ikiseriyalı bədii televiziya tamaşası, sonra İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesi əsasında iki seriyalı televiziya filminin ssenarisini yazmışdım. Azərbaycanda ilk çoxseriyalı serial olan "Yanmış körpülər" in ssenarisini mən yazmışdım. Daha sonra "İynə-sap", 10 seriyalı "Oyunçu", "Susmuş vicdan", "Boyunbağı" və s. bir neçə serialların ssenari müəllifi olmuşam. Açığı indi də fikirləşirəm bu qədər işlərin arasında ssenari yazmağa necə vaxt tapmışam? Uzun zamandır heç nə yazmırdım. Amma bu günlərdə yeni təklif almışam və vaxt tapıb yenidən maraqlı nəsə yazmağa çalışacam. Əslində teatr rejissorları film çəkməyə, kinorejissorlar isə teatrda tamaşa hazırlamağa meylli olurlar. Məsələn, bizim böyük rejissorumuz Ramiz Həsənoğlu teatrda tamaşa qurmağa meylldir. Akademik Milli Dram Teatrında, YUĞ Dövlət Teatrında tamaşalara quruluş verib. Film rejissorunun teatrda tamaşa qurmasına təbii ki, teatrın özünəməxsus estetikası cəlb edir. Bəs teatr rejissorunun filmə meyilliyi nədəndir? Teatr səhnəsi məsafə baxımından tamaşaçıdan bir qədər uzaqdır. Aktyor burda həmişə ümumi planda görünür. Filmdə isə iri planlar var. Sən filmdə rahatlıqla aktyorun üz cizgilərini, göz oyunlarını, ümumiyyətlə istənilən rejissor aksentlərini vizuallaşdıra bilirsən. Bütün bunlar teatr rejissorunun həmişə həyata keçirmək istədiyi istəklərdir. Düşünürəm ki, məhz bu istəkdən teatr rejissorlarında film və ya serial çəkmək arzusu yaranır.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Hazırda teatrda Sumqayıtla bağlı tamaşa hazırladığınızı bilirəm. Teatrın yaxın gələcəyində daha hansı əsərlərə quruluş veriləcək?

-Bildiyiniz kimi bu il Sumqayıt şəhərinin 70 yaşı tamam olur. Respublika Prezidentinin imzaladığı sərəncamla təxminən oktyabr-noyabr aylarında Sumqayıtda böyük bir bayram əhval-ruhiyyəsi olacaq. Bu gün şəhər həmin bayram ovqatı ilə yaşayır. Hələlik kiçik tədbirlər olur. Mən bu şəhərdə 60 il əvvəl dünyaya göz açmışam. Çoxlarının həyatında olduğu kimi Sumqayıt mənim də taleyimin şəhəri olub. Bu şəhərdə insanlar çox rahatdılar. Yəni, böyük meqapolislərdə olduğu kimi bu şəhərdə səs-küy, tıxaclar yoxdur.Sumqayıtın böyük, gözəl bulvarı var. Bircə metromuz yoxdur. İnşallah, gələcəkdə metro da açılar. Vacib olan bir şərt də var. Sumqayıt paytaxta yaxın şəhərdir. Və birdə onu qeyd edim ki, bu şəhərin başqa şəhərlərdə olmayan bir özəlliyi də var ki, o da dənizdir. Mən də dənizin kənarında yaşayıram və Sumqayıtı çox sevirəm. Buna görə də hazırda bayram əhvalında olan şəhərin yubileyinə öz hədiyyəmizi verməliyik. İş gedir. Yazıçı-dramaturq Əli Əmirliyə Sumqayıt haqqında əsər sifarişi verilmişdi. O, da “Sevgilim, Sumqayıt” adında pyes yazdı. Əsərdə Sumqayıtda yaşayan yaşlı qadının taleyindən bəhs olunur. Sumqayıta necə gəlib, öz taleyini, xoş gününü tapıb. Təbii ki, tamaşada əsərin qəhrəmanının itkilərindən, həyat dramındansöhbət açılacaq. Ümumiyyətlə, dramatik süjetli əsərdir.İnşallah, yaxın günlərdə tamaşanı təhvil verəcəyik.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Bir müddət Akademik Milli Dram Teatrında bir neçə tamaşaya quruluş vermişdiniz. Hazırda Milli Dram Teatrında və ya başqa teatrın səhnəsində hansısa tamaşanı hazırlamaq üçün dəvət almamısınız?

- Bir müddət Azərbaycanın müxtəlif teatrlarında tamaşalara quruluş vermişəm. Musiqili Teatr, Lənkəran, İrəvan, Qazax, Mingəçevir Teatrlarında tamaşalar hazırlamışam. 2012-cü ildə bu siyahıya Akademik Milli Dram Teatrı da əlavə olundu. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə quruluş verdim. Mənim üçün maraqlı və gözəl işlərdən biri oldu. Aktyorlarla, xüsusilə cavan aktyorlarla işləmək çox maraqlıydı. Akademik Milli Dram Teatrında ikinci tamaşam isə Hüseynbala Mirələmovun “Vəsiyyət” əsəri oldu. Hər iki tamaşa bu günədək teatrın repertuarındadır, baxmayaraq ki, üzərindən neçə illər keçib. Bu da sevindirici haldır ki, tamaşa ayda bir-iki dəfə oynanılır və tamaşaçıları da var. Hazırda isə Akademik Musiqili Teatrdandəvət almışam. Repressiya illərindən bəhs edən kamera tipli bir maraqlı əsərə quruluş verəcəyəm. Əsərdə repressiya illərində qadınların taleyindən, milli kimlikdən bəhs edilir. Ümumiyyətlə, metamorfoza tipli bir əsərdir. İnşallah, məşqlərə bu yaxınlarda başlayacayıq. Çox açıqlama vermək istəmirəm. Sadəcə, onu deyim ki, görkəmli sənətkarımız Afaq xanım Bəşirqızı bu tamaşada rol alıb. Maraqlıdır ki, Afaq xanım ciddi bir tamaşada hətta faciə tipli dramatik əsərdə oynamaq, özünü sınamaq istəyir. Sizə deyim ki, Afaq xanım Sumqayıt Teatrında çıxış etdiyi dövrlərdə dramatik əsərlərdə oynamaq istəyirdi. Səhv etmirəmsə, 1986-cı ildə Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərinə, mərhum rejissor Yusif Əkbərovbizim teatrda quruluş vermişdi. Afaq Bəşirqızı həmin tamaşada əsas surətlərdən biri olan Nayman ana obrazını ifa etmişdi. Çox ciddi obraz idi. Afaq xanımda istək olduğu üçün mənə belə gəlir ki, bu tamaşada ifa edəcəyi ciddi obraz gözəl alınacaq. Baxmayaraq ki, tamaşaçılarımız Afaq Bəşirqızını hər zamankomediyalarda görüb. Mən belə düşünürəm ki, əsl aktyorda amplua olmamalıdır. Bizim istərkomediyada, istərsə dədramatik və faciəvi əsərlərdə rol alan aktyorlarımız çox olub. İnşallah, yaxşı bir tamaşanın alınacağına inanıram. Əsərin süjet xətti ilə bağlı çox açıqlama vermək istəmirəm.

-Azərbaycanın tanınmış teatr rejissoru kimi teatrlarımızda olan son durumu necə dəyərləndirirsiniz? Nələr çatmır? Nələri etməliyik, amma edə bilmirik?

-Bu suala ətraflı, hərtərəfli cavab vermək çox vaxt aparar. Çünki danışmalı mövzu çoxdur. Son zamanlar Azərbaycan Teatrlarının durumu sizin də bildiyiniz kimi çox tənqid olunur. Düzdür, tənqidlərin içində obyektiv və qərəzli olanı da var. Amma sonda tənqid həmişə işin xeyrinədir. Tənqid olmasa inkişaf olmaz. Tənqiddən nəticə çıxarıb, yaxşılığa doğru çox işlər görmək olar. Əgər tənqid sağlam tənqid olsa, o zaman pis deyil. Ən çox Sovetlər dönəmində yaradılan Dövlət Teatrları tənqid hədəfinə tuş gəlir, xüsusilə də əyalət teatrları. O da nədən irəli gəlir, şəxsən mən belə düşünürəm ki, əyalətdə olan Dövlət Teatrları daha çox klassik ənənələrə söykənirlər və daha çox bu stildə olan ənənəvi tamaşalar hazırlayırlar.Çox zaman da bundan kənara çıxa bimirlər. Çünki illərdir, formalaşmış özünün tamaşaçı kontengenti var. Çox zaman da bu tamaşaçılar müasir dəbli modern tipli tamaşalara meyilli olmurlar. Bundan əlavə bu teatrlarda bildiyimiz kimi müəyyən şərtlər var. Teatr bilet satmalıdır, müəyyən məsrəflər var ki, onlar ödənməlidir. Bunun bir kommersiya tərəfi də var. Teatrlar 400-500 nəfərlik yerdən ibarətdir. Sovet dövründə tamaşalar təşkil olunurdu, tamaşaçılar teatra gəlirdi. Amma indi 400-500 nəfər tamaşaçını bir fikir ətrafında cəmləmək, həm də ilin, günün bu vaxtı çox çətindir. Bilirsiniz ki, elitar tamaşaçılar azdır. Xüsusilə də əyalətdə. Məsələn, Bakıda YUĞ və ya Pantomima Teatrları var ki, bunların stilləri bir az başqadır, yenidir. Belə teatrların tamaşaçıları çox az, amma özünəməxsus olur. Özlərinin tamaşaçıları ilə eksperiment də edirlər, dil də tapırlar. O teatrlara gələnlər ən çox teatrlar adamlar olurlar. Amma onu da demək lazımdır ki, ənənəyə söykənən bir çox teatrlarımız da var ki, onların öz sadiq tamaşaçıları olur. Burda elə tamaşalar var ki, illərlə repertuardadır və baxılır. Şübhəsiz ki, bunu əsas kriteriya saymaq olmaz. Hər bir teatr özünün inkişafı haqda düşünməli, dünya müasir teatr prosesinə inteqrasiyanı hədəf seçməlidir. Dövlət teatrlarının əksəriyyətində olan bir problemi də qetd etmək istəyirəm.

Teatr direktorları məmurluqdan, yəni məmur prinsipində işləməkdən çox, yaradıcı düşüncələrə malik olmalıdırlar. Yaradıcı insanlarla daha çox işləməlidirlər. Çox zaman bunun əksini görürük. Düşünürəm ki, teatrda yaradıcı adamların hökm sahibi olmaq, yaradıcı adamlara son qərarı qəbul etməyə imkan vermək lazımdır. Yaradıcı adamları bu sıxıntıdan azad etmək lazımdır. Bunun üçün də şübhəsiz ki, müəyyən mexanizm olmalı, strukturda bəzi ciddi dəyişikliklər etmək lazımdır. Misal kimi digər ölkələrdə, xüsusilə Rusiyada olan teatrları göstərmək olar. Axı teatr təkcə komersiya, puldan ibarət deil. Teatra hər hansı bir müəssisə, zavod, sex kimi baxmaq olmaz. Teatrda yeni ənənələrə cəhd lazımdır. Bunu dəstəkləmək lazımdır. O dəstək olmayanda şübhəsiz ki, teatrlarda inkişaf getmir.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

- Firudin müəllim, şəxsi həyatınızda nə kimi yeniliklər var? Ümumiyyətlə baş rejissor, xalq artisti, tanınmış rejissorun maddi durumunu, vəziyyətini necə xarakterizə edirsiniz?

- Deyim ki, sənət adamının şəxsi həyatı ilə onun peşə həyatı bir-birinə o qədər müdaxilə edir ki, çox zaman bunun sərhəddini ayırmaq olmur. Şəxsən məndə teatr, peşə həyatımda yaxşı və pis nə baş verirsə, bu elə mənim şəxsi həyatıma da aid olur. Orada da özünü büruzə verir. Maddi duruma gəldikdə isə bu sirr deyil ki, uzun müddət teatr işçilərinin maddi durumu aşağı səviyyədə olub. Bu da istər-istəməz sənət adamlarının yaradıcı işində öz mənfi təsirini göstərib. Doğrudur, dövlətimiz teatrın infrastrukturunun inkişafı üçün çox yaxşı işlər görüb. Yeni teatr binaları tikilib, təmir olunub, texniki təhcizat müəyyən standartlara cavab verir. Bunlar hamısı yaxşıdır. Son zamanlar yaxşı bir haldır ki, dövlət başçısı sənət adamlarının maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir çox fərmanlar imzaladı. O fərmanlar da həyata keçib. Mən maaşları nəzərdə tuturam. Maaşlar artıb və deyilənə görə bu proses davam edəcək. Yəni aktyorlar nəhayət ki, rahat nəfəs alaraq, öz peşələri ilə məşğul ola bilərlər. O ki, qaldı mənim maddi durumuma: Baş rejissor kimi standart bir maaş alıram. Uzun müddət Prezident mükafatı almırdım. Amma ötən ildən Prezident mükafatına layiq görülmüşəm. Xalq artistiyəm. Maddiyat deyəndə belə bir ifadə var. Deyilər ki, "Pul çox şeydir, amma hər şeyi də həll eləmir". Səhv etmirəmsə, deyim belədir. Yəni sənət adamları çox zaman maddiyyatı düşünməyiblər. Bu nədən irəli gəlir. Öz sənətindən, öz yaradıcılığından, gördüyün işdən aldığın həzz çox zaman bunu sənə unutdurur. Amma maddiyatla üz-üzə gələndə ayılırsan və deyirsən ki, bu da lazım idi.

- Hər bir rejissorun yanında onu duyan, anlayan, həmfikiri olan aktyorun olması çox vacibdir. Sizin sənət taleyinizdə elə olub ki, hansısa aktyorla çalışmaq istəmisiniz, amma alınmayıb?

- Hər bir rejissorun sənət xoşbəxtliyi ondadır ki, onun yanında həmfikiri olan yaxşı aktyor olsun. Həmişə rejissorlar bunun arzusundadılar. Adətən deyirlər ki, yaxşı rejissorlar çoz azdır. Amma etiraf edək ki, yaxşı aktyorlar da çox deyil. Doğrudur, gənclər və orta nəsil aktyorları arasında yaxşıları var. Bəlkə də biz onları yaxşı dəyərləndirmirik. Bəlkə də onlar özlərinin qədrini çox hallarda bilmirlər. Yəni lazımsız işlərə də qol qoyurlar. Lazım olan plankanı, səviyyəni çox zaman əldən verirlər. Nəyinsə naminə bilmirəm, amma hallar olur. Bir də ki, yaxşı aktyor deyəndə mən öz yolu, özünün güclü intellekti, özünəməxsus xarizması olan aktyorları nəzərdə tuturam. Hər dəfə belə aktyor haqqında fikirləşəndə istər-istəməz bir etalon kimi bəzi aktyorlar xatirimə gəlir. Onlardan ən birincisi bizim görkəmli aktyorumuz mərhum Fuad Poladovdur. Allah ona qəni-qəni rəhmət eləsin. Mən deyərdim ki, onun gedişi teatr aləmini ən azı 15 il gözəl obrazlar qalareyasından məhrum etdi. Fuad müəllim rəhmətə gedəndə hələ 70 yaşı tamam olmamışdı. 15-20 il də yaşasaydı, görün o illər ərzində nə qədər obrazlar oynaya bilərdi. Bayaq mən Mehdi Məmmədovun tamaşalarında dediyim fikri burada təkrarlamaq istəyirəm ki, onun oynadığı hər obraza, gənc aktyorlar və ya teatr adamları baxsalar ondan çox şeyi əxz edə bilərlər. Fuad Poladovun ifası doğrudan böyük bir məktəbdir. Rejissorlar həmişə çalışırlar ki, elə bir aktyor olsun ki, onun yanında və ya elə bir aktyorla işləsin ki, həmin aktyor rejissoru bir himdən başa düşsün. Həmin aktyorla kodla danışa biləsən. Yəni bir kəlmə söz artıq ona imkan verir ki, yüzlərlə aktyorluq vasitələrindən istifadə edib, öz oyununu qursun. Həm də rejissor üçün belə aktyorla işləmək böyük həzzdir. Mənim də həmişə arzum olub ki, Fuad Poladovla hansısa tamaşada işləyim. Görünür qismət deyilmiş. Azərbaycan teatrında bir çox aktyorlar olub ki, işi başlamışıq yarımçıq qalıb. Yaşar Nuri ilə bir tamaşa üzərində işləməliydik. Ona da ömür vəfa etmədi. Yaşar Nuri rəhmətə getdi. Bu saat elə aktyorlara ehtiyac var. Çox zaman rol bölgüsündə seçim qarşısında qalırsan. Bütün rollara dediyimiz yaxşı aktyorları tapa bilmirsən. Hərəsində nəsə çatmir. Bilmirəm, inşallah yəqin ki, gələcəkdə bizim yaxşı aktyorlarımız inkişaf edəcəklər, peyda olacaqlar. Bir şərtlə ki, həmin aktyorlar həm də Fuad Poladov kimi şəxsiyyət olsunlar. Şəxsiyyət olmaq sənətdə bəlkə də ən əsas olan bir göstəricidir. Çox aktyorlar olub ki, ikisindən biri yəni şəxsiyyət məsələsi bunlarda ikinci plana keçib. O, keçəndə də istər-istəməz onun sənətinə təsir edib. Aktyor doğrudan da tək aktyor yox, şəxsiyyət olmalıdır. Bu mütləqdir.

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

Firudin Məhərrəmovla söhbətimizdə çox maraqlı məqamlara toxunduq. Şəxsən mən onunla söhbətdən zövq aldım. Düşünürəm ki, müsahibə oxucularda teatra maraq, sevgi oyadacaq.

Firudin Məhərrəmova sənətində uğurlar və can sağlığı diləyi ilə:

Ülviyyə Həsənqızı

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...

Firudin Məhərrəmov: Uşaq daima atasına bənzəmək istədiyi kimi, tələbə də ömür boyu...