Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov Lənkəran Teatrında tamaşa hazırlayacaq.

Bu barədə Open.az-a açıqlama verən rejissor bildirib ki, sentyabrda N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesinə quruluş verəcək.

"Sentyabrın 3-də Lənkərana gedəcəm. Lənkəran Teatrının dəvəti ilə Cəfər Cabbarlının yubileyi münasibətilə hazırlayacağım "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" əsərinə quruluş verəcəm. Artıq rol bölgüsünü etmişəm. Bilirik ki, Cəfər Cabbarlı bu əsəri yaradıcılığının ilk dövrlərində yazıb. İnşallah, bu əsəri sentyabrın sonunadək təhvil verib, Bakıya qayıdacam. Oktyabrda isə Akademik Musiqili Teatrda Xalq artisti, görkəmli sənətkarımız Afaq Bəşirqızının iştirakı ilə yeni tamaşanın məşqlərinə başlayırıq. "İstintaq" adlanan dramatik əsər 1937-ci ilin hadisələrindən bəhs edir. Əsərdə bir qadının faciəsi əks olunub. Həmin qadının obrazını Afaq Bəşirqızı canlandıracaq. Çox ağır, çətin əsər olacaq. Tamaşanın bəstəkarı Ceyhun Allahverdiyev, rəssamı isə Sumqayıt Teatrının baş rəssamı Elxan Sərxanoğludur. Tamaşa üçün maraqlı səhnə tərtibatı hazırlanır. Əsərdə kölgə effektlərindən istifadə olunacaq. Tamaşada fonoqram musiqisi olmayacaq. Canlı orkestrin ifasından istifadə olunacaq. Musiqili tamaşalardan fərqli olaraq, dramatik əsərlərdə canlı musiqidən istifadə olunmur. Amma bu əsərdə musiqi partiyaları canlı orkestrin müşayiəti ilə təqdim olunacaq. Afaq xanımın iştirakı ilə hazırlanacaq tamaşa ciddi əsər olacaq". deyən Firudin Məhərrəmov əlavə edib ki, İlin sonuna qədər İmadəddin Nəsimi ilə bağlı bir əsər hazırlayacaq.

"Mənə Nəsimi ilə bağlı bir povest təqdim ediblər. Nəsimi ili bitənə qədər bu əsəri də tamaşaya qoymaq istəyirəm. Hələlik əsərlə bağlı geniş məlumat vermirəm. Təkcə onu deyə bilərəm ki, əsər Sumqayıt Teatrında tamaşaya qoyulmayacaq. Nəsimiyə həsr olunan əsərə başqa teatrın səhnəsində quruluş verəcəm".

ÜLVİYYƏ HƏSƏNQIZI