Sentyabrın 28-30-da Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Zaqatalada üçüncü Beynəlxalq Fındıq, Qoz, Şabalıd Festivalı keçiriləcək.

Open.az xəbər verir ki, Festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış-yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.

Festivalın sonunda Heydər Parkında geniş konsert proqramının keçirilməsi planlaşdırılır.