Martın 15-i Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, muğam ustadı, xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyidir.

Open. az xəbər verir ki, bu münasibətlə ustad xanəndənin ailə üzvləri, sənət dostları, tələbələri Birinci Fəxri Xiyabanda Hacıbaba Hüseynovun xatirəsini yad ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, görkəmli kaman ifaçısı Mirnazim Əsədullayev , professor, xalq artisti Vamiq Məmmədəliyev, xalq artisti Zabit Nəbizadə, Zakir Mirzəyev Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri, professor, Aydın Talıbzadə, Asəf Zeynallı adına Kollecin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov, Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova, Hüseyn Bakılı və digər qonaqlar ustad xanəndənin 100 yaşının tamamında onunla bağlı xatirələrini, ürək sözlərini bölüşüblər.

Çıxış edənlər qeyd ediblər ki, Hacıbaba Hüseynovun adı Azərbaycan muğam tarixində böyük hərflərlə yazılıb. Ustad sənətkarın yazdığı qəzəllər, ifa etdiyi muğam və təsniflər Azərbaycan Televiziyasının "Qızıl Fondu"nda qorunub saxlanılır.

Həmçinin qeyd olunub ki, 2019-cu il martın 23-də ustad xanəndənin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçiriləcək və qəbirüstü abidəsi yeniləcək.

Qeyd edək ki,Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olub.Ruhani ailəsində böyüyüb. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyib. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir ondan bəhrələnməyə çalışır.

1945-ci ildə tanınmış xanəndə, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə gətirir. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlayır.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir.

Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.

Görkəmli xanəndə 1990-cı ilin oktyabr ayında xalq artisti fəxri adı ilə təltif olunub.

Hacıbaba Hüseynov 24 Oktyabr 1993-cü ildə Sumqayıt şəhərində qonaq olur. Orada çoxlu söhbət edir, qəzəllərindən deyir və muğam nümunələri oxuyur. Axşama yaxın evə gələn Hacıbaba Hüseynov birinci mərtəbədən səkkizinci mərtəbəyə liftlə qalxır, liftdən çıxıb iki pilləkən düşə bilən Hacıbaba Hüseynov, mənzilinə qədər ailəsinin köməkliyi ilə daxil olur. Ağır xəstəlikdən əziyyət çəkən Hacıbaba Hüseynov, axşam saat 8 radələrində vəfat edib.

Ümummilli lider Heydər Əliyevin göstərişi ilə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

Ülviyyə Həsənqızı

Foto: Sultana Əhmədbəyli