Bütün dünyada Fransanın simvolu kimi tanınan Eyfel qülləsi yenidən bağlanıb.

Open.az xəbər verir ki, buna səbəb Fransadakı təqaüd islahatına qarşı həmkarlar ittifaqlarının keçirdiyi tətil və Qüllənin müxtəlif xidmətlərində çalışan işçilərin həmin prosesə qoşulmasıdır. Belə ki, Eyfel Qülləsində çalışan 300-dən çox işçi əmək şəraitinin yaxşılaşdırılmasını və əmək haqqının artırılmasını tələb edirlər.

Qeyd edək ki, Fransada təqaüd islahatına qarşı həmkarlar ittifaqlarının keçirdiyi tətil, 2019-cu il dekabrın 5-də başlanıb.

Geniş vüsət alan tətildə Fransada yaşayan bütün təbəqələrin nümayəndələri aktiv iştirak edirlər.

Xatırladaq ki, hər il 6 milyondan çox turist Eyfel qülləsini ziyarət edir, onların 80 faizi əcnəbilərdir. Hazırda gün ərzində təqribən 6 min nəfər qülləyə qalxır.

Pensiya islatları zamanı Fransada hökumətin təqaüd sistemində böyük kəsiri aradan qaldırmaq üçün tətbiq etdiyi islahat çərçivəsində ayrı-ayrı sahələrin işçilərinin tez təqaüdə çıxaraq daha çox təqaüd almasını nəzərdə tutan xüsusi rejimlər ləğv olunub, təqaüd fonduna ödəmələrin müddəti isə uzadılıb.

Ülviyyə Həsənqızı