“Hazırda teatrda “5 manatlıq gəlin” operettasının məşqləri gedir. Neçə illər əvvəl yazılsa da, belə tamaşalara hər an ehtiyac duyulur. Maraqlı tamaşa alınacağına inanıram. İnşallah, yeni teatr mövsümündə operettanı tamaşaçılara təqdim edəcəyik”.

Bu fikirləri Open.az-a açıqlamasında tanınmış rejissor, əməkdar incəsənət xadimi Əsgər Əsgərov deyib.

Klassik tamaşalar hazırlamağa daha çox sevdiyini deyən rejissor, bu əsəri bitirmədən yeni əsər üzərində çalışmağı düşünmür.

“Eyni zamanda iki-üç əsər hazırlamağı və ya hazırlamaq haqqında düşünməyi sevmirəm. Təbii ki, yeni əsərlərə də müraciət etmək fikrim var. O, rejissor tez tükənir ki, onun qovluğunda yeni tamaşalar olmasın. Mən, klassikaya daha çox önəm verirəm. Çünki klassik tamaşada işləmək daha rahatdır. Orada hər şey qanunauyğundur. Mən isə sənətdə qanunauyğunluqları sevirəm”.

Qeyd edək ki, Akademik Musiqili Teatrda Səid Rüstəmov və M.S.Ordubadinin "5 manatlıq gəlin" operettası üzərində yaradıcılıq işi gedir. Tamaşa yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.

Operettanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, baletmeysterlər Zakir və Leyla Ağayevalar, rejissor assistenti Tamilla Aslanova, dirijor Fəxrəddin Atayevdir.

Rollarda: Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Nadir Xasıyev, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Səmədzadə Xasıyev və başqaları çıxış edəcək.

Ülviyyə Həsənqızı