Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşası ilə Lənkərana qastrol səfərinə gedir.

Open.az xəbər verir ki, Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşa iyulun 21-i saat 18.00-da Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk dəfə 19 dekabr 2017-cı ildə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri: Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev ifa edəcək.

Qeyd edək ki, teatrın təsisçisi və rəhbəri: Nihad Qulamzadədir.