Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov Milli Qəhrəman Albert Aqarunov ordeni ilə təltif edilib.

Open.az xəbər verir ki, Dağ Yəhudiləri İcmasının sədri Melih Yevdayev bəstəkara bu fəxri ordeni Albert Aqarunova ithaf etdiyi orkestr və uşaq xoru üçün “İn memoriam...” əsərinə görə təqdim edib.

Cəlal Abbasov deyib: “Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda bu yaxınlarda gedən döyüşlərin ən qızğın çağında Melih Yevdayev dəfələrlə ön cəbhədə olub. Səfərlərin birində Melih Yevdayev ölkənin faşist taunundan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi fərqlənən tank heyətinə Albert Aqarunov ordenini təqdim edib. Bu ordenə layiq görülməyim mənim üçün böyük şərəfdir”.

Bəstəkar Cəlal Abbasov şuşalı köklərə malikdir, onun atası – Azərbaycanın Xalq artisti, bəstəkar Əşrəf Abbasov Şuşada doğulub. Cəlal Abbasov vətənpərvərlik və doğma Qarabağ mövzusuna xüsusi diqqət ayırır. O, hələ 1998-ci ildə BMT-nin mükafatına layiq görülən “Səni bir daha görə bilsəydim...” adlı 4 nömrəli simfoniyasını öz əcdadlarının torpağına – Şuşaya və şuşalılara həsr edib.

“Mən işğaldan azad edilmiş Şuşa barədə arzu ilə uzun illər yaşamışam. Bütün bu illər ərzində düşünürdüm ki, atam bu xoşbəxt hadisəni görə bilmədi. Mən mayın 8-də doğulmuşam, ancaq 1992-ci ildən sonra – bu tarixdə Şuşa işğal edildikdən sonra öz doğum günümü qeyd etməmişəm. Artıq Şuşa azaddır və onun işğaldan azad edildiyi tarix – 8 noyabr mənim həyatımda ən xoşbəxt günə çevrildi. Doğma torpağın şərəfini qoruyan hər bir əsgər və zabitin qarşısında baş əyirəm. Vətən uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsi qarşısında baş əyirəm. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra bizim də öz Qələbə Günümüz var – 10 noyabr! Azərbaycanın bir çox incəsənət xadimləri kimi mən də öz fikirlərimi, hisslərimi, təəssüratlarımı yaradıcılıq vasitəsilə çatdırmağa çalışıram. Fürsətdən istifadə edərək, əməyimin qiymətləndirilməsinə görə dərin minnətdarlığımı bildirirəm. Belə mükafatlar üzərimizə çox vəzifələr qoyur. Bizim hamımızın üzərinə Azərbaycan xalqının yüksək vətənpərvərliyinin şahidi olmaq kimi xüsusi missiya düşüb. Bizim həyatımızın qəhrəmanlıq nümunələri sənət əsərlərində mütləq əbədiləşdiriləcək, Azərbaycan Bəstəkarlar İttifaqı buna xüsusi diqqət ayırır”, - deyə Cəlal Abbasov qeyd edib.

“Dədə Qorqud” Fondu ilə Dağ Yəhudiləri İcmasının birgə təsis etdiyi Albert Aqarunov ordeninin üzərində “Yer üzündə sülh naminə” devizi həkk olunub. Milliyyətindən və dini etiqadından asılı olmayaraq, Azərbaycanın bəxtiyar torpağında yaşayan hər kəsin aid edildiyi Azərbaycan xalqı üçün Albert Aqarunovun fədakarlığı Vətənə sədaqətin və böyük sevginin rəmzidir. Bakı şəhərində küçəyə, məktəbə adı verilən bu qəhrəmanın xatirəsinə ayrılan diqqətə heyrətlənmək lazımdırmı? Qəhrəmanın obrazı heykəltəraşlıq abidəsində əbədiləşdirilib, indi isə onun adı tanınmış bəstəkarın musiqi əsərində tərənnüm edilir.

Qeyd edək ki, Cəlal Abbasovun əsərləri ABŞ, Almaniya, Fransa, İtaliya, Norveç, Avstriya, İndoneziya, Koreya Respublikası, Türkiyə, Özbəkistan, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrdə uğurla ifa olunur, beynəlxalq mükafatlara layiq görülür. Bəstəkarın əsərləri ölkəmizdən əlavə Fransada, Rusiyada və digər ölkələrdə nəşr edilib. Azərbaycan xalqının musiqi irsinin öyrənilməsi və təbliğinə böyük diqqət ayıran C.Abbasov elmi məqalələrin müəllifi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimidir.