Bu gün Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Xudayət Əsgərovun 60 yaşı tamam olur.

Open.az xəbər verir ki, Xudayət Əsgərov teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, habelə anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Əməkdar artist Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevral ayının 14-də Gəncə şəhərində anadan olub.

X.Məmmədov musiqi məktəbinin tar sinfini və Gəncə şəhər İnşaat Texnikumunu bitirib. Təhsil aldığı illərdə Gəncə şəhər İnşaatçılar Mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.

1987-ci ildən Gəncə Dövlət Kukla Teatrında aktyor kimi işə qəbul olunub, bu illər ərzində Kukla Teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. İfa etdiyi rollarla azyaşlı tamaşaçıların rəğbətini qazanıb.

Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”nda Əhməd, “Meşə çaqqalsız olmaz”da Tülkü, N.Gəncəvinin “Xeyir və Şər”də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”də Ambardar, A.Lindqrenin “Uşaq və Karlson”unda Ata, R.Səməndərin “Çətin məsələ”sində Canavar, A.S.Ekzüperinin “Balaca Şahzadə”sində Kral, Xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm”də Canavar və digər bu kimi yaddaqalan obrazlar yaradıb.

Aktyorluqla yanaşı, Xudayət Əsgərov teatrda bir çox tamaşalara rejissoir kimi quruluş verib. Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri", K.Ağaqızının “Tənbəl Əhməd”, O.Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul”, A.Əlizadənin “Şeytanın dostu” və digər bu kimi tamaşalara quruluş verib.

Xudayət Əsgərov bir çox beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2006-cı ilin Prezident mükafatçısı olmuş, 2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. X.Əsgərov çalışdığı kollektivin nüfuzunu qazanıb.