Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt tənqid edib.

Open.az xəbər verir ki, aktyor sosial şəbəkədə “Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri” başlıqlı paylaşım edərək, Azərpaşa Nemətov barədə qalmaqallı fikirlər səsləndirib:

“Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram. 22 Oktyabr, saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi. Gənc Tamaşaçılar Teatrının nümayəndəsi olaraq Teatr Xadimləri İttifaqına və teatrımızın truppa müdiri Ələsgər Muradxanlıya burada iştirak etmək istədiyimi bildirdim. Cavab müsbət oldu və Teatr Xadimləri İttifaqına bildirilməsini istədim. Tədbir günü təyin olunmuş saatda məkana yaxınlaşanda, “Siz burada iştirak edə bilməzsiniz” cavabını eşitdim. “Niyə?” deyə, soruşanda isə adımın siyahıda olmadığı bildirildi.

Axı mən neçə illərdir Teatr Xadimləri İttifaqının üzvüyəm, Əməkdar artistəm. Dəqiqləşdirmələrini istədim, yuxarıya qalxıb, qayıtdılar ki, icazə verilmədi.

2014-cü ildə Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişdim. Azərbaycan Teatrını uçuruma aparan ən əsas səbəbin Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov olduğunu dəfələrlə bildirmişəm. Katib Rafiq Əliyevlə görüşümüz də baş tutub, amma fəaliyətsizlik davam edir".

E.Kərimov üzvü olduğu Teatr Xadimləri İttifaqından istefa verib: "Mən bu gündən TXİ-nin üzvlüyündən imtina edirəm. Azər Paşa və ətrafındakı ünsürlər ordan uzaqlaşmayınca və aktyora, xüsusi ilə Cənab Prezidentin imzaladığı sərəncamla fəxri ada layiq görulənlərə münasibət belə olacaqsa, mən həmin ittifaqı tanımıram.

Mənim mübarizəm TXİ sədri Azər Paşa Nemətovladır. Akademik Milli Dram Teatrının direktoru Azər Paşa ilə yox. Günah mənim deyil ki, adı çəkilən hər iki yerə bir adam rəhbərlik edir. Konfrans və səsvermə prosesinin nəticəsi mənə qaranlıq qalacaq. Azərbaycan teatr tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz münasibət bir müddət sonra özünü göstərəcək." - deyə o, bəyanatında yazıb.

Xatırladaq ki, bu gün Park İnn Otelində Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayı keçirilir. Mətbuata qapalı keçirilən qurultayda İttifaqa sədr seçiləcək. Teatr Xadimləri İttifaqına 15 ildir ki, rejissor, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik edir.