Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

Open.az xəbər verir ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib. O, görkəmli bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

Emin Əliyev Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.