Azərbaycan Dövlər Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyev yeni teatr mövsümündə Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İlarioni"əsərində İliko obrazında çıxış edəcək.

Bu barədə Open.az-a məlumat verən Ələkbər Əliyev bildirib ki, görkəmli gürcü yazıçısının məşhur əsərini rejissor Əhəd Hacıyev hazırlayacaq: “Hazırda teatrımızda bir neçə əsərin paralel məşqləri aparılır. Yeni mövsümdə isə məşqlər davam etdiriləcək və hazır tamaşaları tamaşaçılarımıza təqdim edəcəyik. Məşğul olduğum ikinci əsər isə bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında hazırlanan “Çarəsiz sərnişinlər” adlı tamaşadır. Bu tamaşanın rejissoru isə, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Teatrdakı tamaşalardan əlavə özəl telekanalların birində nümayiş olunan “Niyə” serialında çəkilirəm. Həmçinin “Niyə-3” filmində də rol almışam. Artıq mənim səhnələrim çəkilib, bitib. Hər kəsi yeni mövsümdə teatrımıza, burada nümayiş olunacaq gözəl, biri-birindən maraqlı tamaşaları seyr etməyə dəvət edirəm”.

Qeyd edək ki, “Çarəsiz sərnişinlər” musiqili tamaşadır. Burada səsləndiriləcək musiqilər kənardan müşayiət formasında deyil. Musiqiçilər həm də obraz olaraq səhnədə qrup şəklində iştirak edəcəklər.

Ülviyyə Həsənqızı