Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edib.

Open.az xəbər verir ki, Festivalda XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biri və Absurd Teatrın yaradıcılarından sayılan Semyuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı əsərini nümayiş etdirən Akademik Musiqili Teatrının tamaşası xüsusi diqqətə səbəb olub.

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Open.az-a özəl açıqlamasında bildirib ki, Festivalda Azərbaycan Teatrının tamaşasını izləyənlər "Qodo"nun intizarında qalmayıblar. Onlar inanıblar ki, "Qodo" mütləq gələcək...

"Azərbaycan Teatrı ilk dəfə Albaniyada belə şöhrətli Teatr Festivalında təmsil olunurdu. "Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında dünyanın müxtəlif ölkələrindən olan teatrlar iştirak edirdi. Akademik Musiqili Teatrın nümayiş etdirdiyi "Qodonun intizarında" tamaşası çox bəyənildi. Diqqətlə qarşılandı. Tamaşamızın nümayişindən sonra keçirilən müzakirədə əsər haqqında çox maraqlı və dəyərli fikirlər səsləndirildi. Bildiyiniz kimi, S. Bekketin bu əsəri absurd dramaturgiyanın ilk nümunəsidir. Absurd janrının banilərindən biri olan Bekketin bu əsəri bütün dünyada məşhurdur. "Qodonun intizarında" tamaşası dünyanın ən məşhur teatr səhnələrinin bəzəyidir. Bütün dünyada məşhur olan bu əsərə bizim yanaşmamız çox fərqli olduğuna görə, Festivalda xüsusi diqqətə səbəb oldu. Xüsusilə də tamaşanın musiqisi. Bildiyiniz kimi, tamaşanın musiqisini Xalq artisti, bəstəkar Fərəc Qarayev yazıb. Qeyd edim ki, Fərəc Qarayevin musiqisi bu tamaşa yaranmazdan əvvəl yazılıb. Sadəcə, musiqi bu mövzuya həsr olunub. "Qodonun intizarında" tamaşası hər ölkədə oynanılıb, amma dünyada xüsusi olaraq ilk dəfə bu əsərə Fərəc Qarayev simfonik musiqi bəstələnib. Tamaşada hər bir musiqi aləti bir obrazın nişanəsi kimi verilib. Hər bir musiqi alətinin ifası məhz tamaşadakı obrazlarla ifadə olunur. Ona görə də Festivalda musiqi alətlərinin seçilməsi və obrazlara uyğun musiqinin olması onları çox maraqlandırdı. Təbii ki, bu bəstəkarın böyüklüyündən, istedadından xəbər verir. Hər halda onlar belə dedilər və tamaşaya heyran oldular. Festival münsiflərinə, iştirakçılarına xoş gələn cəhətlərdən biri də bizim tamaşamızın müsbət notlara köklənməsi idi. Adətən dünyanın hər yerində ''Qodonun intizarında'' əsərini qara pərdələr arasında oynayırlar. Elə tamaşalarda bir ümidsizlik olur. "Qodo" gələcəkmi, gəlməyəcəkmi? Amma bizim səhnə quruluşumuz maraqlıdır. Bizim tamaşada bir ümid var. Ümid var ki, "Qodo" gələcək. Mütləq gələcək... Ona görə də bizim tamaşamızda çəhrayı çalarları olan bəyaz pərdələrin arasında bu tamaşanın verilməsini mənalandırırdılar və inanırdılar ki, "Qodo"nu gözləməyə dəyər. Çünki o, gələcək... Bəlkə "Qodo" hər gün yanımızdan keçir, sadəcə biz onu görmürük. Bəlkə də tamaşadakı uşaq obrazı "Qodo"nun" özüdür. Onlar tamaşanı bu tərəfə yozub, belə də qiymətləndirdilər. O qədər gözəl və müsbət fikirlər, rəylər səsləndirdilər ki, bu bizi daha da sevindirdi və ruhlandırdı. Bunları eşitmək bizim hər birimiz üçün maraqlıydı. Və təbii ki, yeni səfərlər - yeni dostlar, yeni görüşlər, yeni qastrol səfərlərinə doğru atılan addımlar deməkdir. Güman edirəm ki, ''Qodo" nun intizarında olanlar hələ bundan sonra da çox olacaq. Bu intizarla çoxlu festivallar, görüşlər keçiriləcək. Biz də "Qodo" ilə həmin görüşlərə gedəcəyik", - deyə Əliqismət Lalayev bildirib.

O vurğulayıb ki, Bekketin məşhur əsərinə tamaşa etməyə gələnlər Akademik Musiqili Teatrında tam başqa yanaşmanın, yozumun olduğunu görəcəklər: "Akademik Musiqili Teatra gələnlər istər absurd teatra, istərsə də Bekketin yaradıcılığına tam başqa yozumda tamaşa edəcəklər. Təbii ki, hər bir teatrın öz yolu, özünün baxışının olması həmin teatrın gələcək uğurlarından xəbər verir. Və biz çox sevinirik ki, belə bir kollektivdə çalışırıq və əməyimiz də qiymətləndirilir. Fürsətdən istifadə edib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Mədəniyyət Nazirliyi bu səfərin reallaşmasında çox əmək sərf etdi. Nazirliyin İncəsənət şöbəsinin əməkdaşlarına təşəkkür edirəm. Bilirsiniz, modern teatr gələcəyin teatrı deməkdir. Sonda qeyd edim ki, Azərbaycan Teatrı var. Yaşayır, yaradır və gələcəyin teatrıdır. Albaniyada keçirilən Beynəlxalq Müasir Teatr Festivalında iştirak etməyimiz bizi əmin etdi ki, Teatrımızın gələcəyi var, addımları uğurludur və tutduğu yol hər kəsin diqqətini cəlb edəcək". deyən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev "Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalındakı uğurlu çıxışları, səfər təəssüratlarını belə dilə gətirib.

ÜLVİYYƏ HƏSƏNQIZI