Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İranda keçiriləcək 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının təşkilatçıları tərəfindən bu tədbirin bir qolu olan V İran teatr sərgisinə dəvət alıb.

Open.az xəbər verir ki, bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu sərgidə iştirak etmək məqsədilə fevralın 1-dən 7-dək qonşu ölkədə olacaq.

“Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq “Fəcr” Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan əvvəl də həm ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Budəfəki sərginin proqramından da hiss etmək olur ki, İranda keçiriləcək festival möhtəşəm mədəniyyət hadisəsinə çevriləcək. Proqram çərçivəsində dünyanın bir çox ölkələrindən dəvət olunan məşhur rejissorların əsərləri oynanılacaq, görkəmli teatr xadimlərinə öz layihələri barədə məlumat vermək fürsəti yaradılacaq. “Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, görüşlər, müzakirələr aparılacaq, müxtəlif janrlarda olan tamaşalara baxış keçiriləcək. Mən də təkcə Akademik Musiqili Teatr barədə deyil, bütövlükdə, Azərbaycanda teatr sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivləri, həmçinin qarşıda duran planlar barədə məlumat verəcəyəm. Əminəm ki, belə görüşlər və təcrübə mübadiləsi ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”, – deyə Ə.Lalayev bildirib