"Dostları Məhərrəm üçün çox darıxacaq. Bizim qrim otağımız yetim qaldı..."

Bu fikirləri Open.az-a özəl açıqlamasında Akademik Musiqili Teatrının aktyoru Elçin İmanov deyib.

Ötən gün yaxın dostu Məhərrəm Qurbanovu itirən Elçin İmanov bütün dostlarının ağır kədər içində olduğunu bildirib: "Avqustun 19-dan bu günədək bütün dostları Əzizağa Əzizov, Elxan İsmayılov onun yanında olduq və möcüzə gözlədik. Gözlədik ki, bəlkə vəziyyət düzələr. Vəziyyətinin ağır olduğunu həkimlər bizə dedilər. Amma buna baxmayaraq, möcüzə gözləyirdik. Ümidimizi itirmirdik. Hətta dünən gecə məsciddən evə gedəndən sonra düşünmüşəm ki, bəlkə yalandır? Bəlkə sağdır?...İndi evinə getsəm, məni gülə-gülə qarşılayacaq... Bilirsiniz, reallıqla, insanın arzu, istəyi başqadır. Adətən dünyasını dəyişən adamlar haqqında yaxşı sözlər deyirlər. Amma Məhərrəm elə insan, elə dost idi ki, onun haqqında hamı yaxşı sözlər deyir. Siz görürsünüz ki, bir günlük çəkilişdə onu tanıyan gənc aktyorlar da, Məhərrəmlə uzun illər dostluq edən bizlər də buradayıq. Çünki Məhərrəm hamı ilə şirin danışardı. Heç kimin xətrinə dəyməzdi. Ona görə də hamı onu çox istəyirdi. Məhərrəmin qəfil ölümü bizim qol-qanadımızı qırdı. Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi. Mənim gözümdə belədir. Çox zarafatcıl, baməzə adam idi. Bildiyim odur ki, Məhərrəmi heç birimiz, onun dostları unutmayacaq. Düzdür, torpağın üzü soyuqdur. Belə deyirlər və həqiqət də belədir. Amma dostlarının yadından çıxmayacaq. Allah onun o dünyasını versin. Allah ona rəhmət eləsin!"

Xatırladaq ki, avqustun 19-da beyin insultu keçirən, Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov ötən gün vəfat edib. Mərhum aktyor bu gün torpağa tapşırılıb.

Ülviyyə Həsənqızı