“Ayağımı ikinci dəfə əməliyyat etdilər. Növbəti əməliyyat ötən ay olub. İlk əməliyyatdan sonra ayağımda qalan dəmirləri çıxartdılar. Tikişlərim isə hələdə qalır”.

Bu fikirləri tamaşa zamanı səhnədə bədbəxt hadisə ilə üzləşən Akademik Musiqili Teatrın aktyoru Elçin İmanov Open.az-a özəl açıqlamasında deyib.

Aktyor bildirib ki, ötən ilin dekabr ayından ayağı ilə bağlı ciddi problemlər yaşayır: “Bizim teatrda gözəl tamaşamız var. “Nuri-didə Ceyhun”. Mənim də həmin tamaşada çox sevdiyim obrazım var. Üzeyir bəy Hacıbəylinin obrazını ifa edirəm. Ən ürəklə oynadığım obraz idi. Amma çox təəssüf ki, yeni mövsümdən daha tamaşada çıxış edə bilməyəcəm. Çünki eyni tamaşada iki dəfə ayağımın qırılması heç yaxşı əlamət deyil. İlk dəfə tamaşa zamanı səhnədə ayağım sürüşdü, dizim qatlandı və diz qapağım qırıldı.Ötən il dekabrın 21-də əməliyyat olundum. İkinci cərrahiyyə əməliyyatını isə bu yaxınlarda etdilər. Növbəti prosesdə isə reabilitasiya olacaq. Şükürlər olsun ki, indi yaxşıyam. Düşünürəm ki, bu da bir qismətdir”.

Qeyd edək ki, Elçin İmanov 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib. 1996-cı ildən isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist vokalist kimi çalışır. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi sınayıb. Son illər Türkiyədə bir neçə tamaşaya quruluş verib. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir. Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.

Ülviyyə Həsənqızı

Elçin İmanov: “Eyni tamaşada iki dəfə ayağımın qırılması...”