AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını uğurla davam etdirirlər. Alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr də hazırlayırlar.

Open.az xəbər verir ki, belə yazılardan biri Təhsil şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın “Əhməd Dainin yaradıcılığı XV əsr türk divan ədəbiyyatı fonunda” mövzusunda məqaləsidir.

Məqalədə qeyd olunur ki, divan şeiri başlanğıcından sonuna qədər yüzlərlə qüdrətli şair yetişib. Bu şairlər sırasında Əhməd Dainin xüsusi yeri var. XV əsrin bu məşhur siması ədəbiyyatın həm nəzm, həm nəsr sahəsində qiymətli nümunələr yazıb.

Mənsur əsərlərində də şeirdəki kimi mahir olan Əhməd Dai daha çox “Çəngnamə” adlı mənzum əsər ilə məşhurlaşıb. Mənbələrdə onun germiyanlı olduğu qeyd edilib. Doğum tarixi dəqiq bilinməyən Əhməd Dainin ölüm tarixi mənbələrdə göstərilmir. Bursada şairin adı ilə tanınan bir məscid vardır ki, bu məscidin yanındakı Dai Dədə adlı birinin məzarının Əhməd Daiyə aid olduğu söylənilir.

Vurğulanıb ki, Əhməd Dai nəzm və nəsr sahəsində göstərdiyi ustalığı ilə dövrünün öndə gələn şairlərindən biri olub. Əhməd Dainin mənzum və mənsur əsərləri bir külliyyat içində toplanıb. Şairin təsəvvüfi bir məsnəvisi, övliya təzkirəsi, fiqh, təfsir, tibb, astronomiya, lüğət və hədis nümunələri olmaqla müxtəlif məzmunda yazılmış əsərləri diqqət çəkir.