Sentyabrın 12-si mərhum rejissor Ədalət Ziyadxanovun vəfatından bir il ötür.

Open.az xəbər verir ki, 72 yaşında dünyasını dəyişən rejissorun ömrünün son illəri çox ağrılı, əziyyətli olub.

Belə ki, ömrünün son illərində yaddaşı ilə problemlər yaşayan Ədalət Ziyadxanov ruhi xəstəxanaya yerləşdirlib. Rejissor yəqin ki, həyatının ən ağır günlərini, ən faciəvi "tamaşa"sını həmin xəstəxanada qurub. Hər zaman teatr səhnəsində müxtəlif əsərlərə quruluş verən rejissorun yaşadığı mənəvi və psixoloji gərginliklər sonda onun səhhətində özünü büruzə verib.

Qeyd edək ki, Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda anadan olub.

Rejissorluq sənəti ilə məşğul olmağa başladığı gündən Azərbaycanın bir sıra tanınmış teatrlarında fəaliyyət göstərib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Həmçinin, Musiqili Komediya Teatrı, Bələdiyyə Teatrı, Şəki Teatrında rejissor kimi çalışıb və müxtəlif səhnə əsərlərinə quruluş verib.

Bir müddət Ağdam Teatrının baş rejissoru kimi fəaliyyət göstərib.

Mədəniyyət və İncəsənət Universitetində Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib.

Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Ədalət Ziyadxanov geniş tamaşaçı kütləsinin yaddaşında Xalq artisti, rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi "Ac həriflər" tamaşasında ifa etdiyi "Mirzə" obrazı ilə qalıb.

Bu gün vəfatının bir ili tamam olan rejissora Allahdan rəhmət diləyirik!

ÜLVİYYƏ HƏSƏNQIZI

Ədalət Ziyadxanovun vəfatından bir il ötür