Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Open.az xəbər verir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim edib.

Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib.

Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu etdi.

Daha sonra orden Ədalət Vəliyevə təqdim olundu. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, 60 illik həyatının 42 illik əmək fəaliyyətinin 39 ili mədəniyyət sahəsində ölkəmizə xidmət etməklə keçib, ömrünün böyük hissəsini Azərbaycan teatrına, mədəniyyətinə həsr edib.

Ədalət Vəliyev sonda, başda ölkə rəhbəri olmaqla, onun fəaliyyətini, əməyini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ədalət Məqsəd oğlu Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümumtəhsil məktəbində, 1968-1973-cü illər ərzində həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, universiteti filoloq ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə çalışıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.