Azərbaycanlı rejissor Tərlan Rəsulovun rəhbəlik etdiyi “dOM” Müstəqil Teatrının kollektivi Başqırdıstanda keçirilən “Tuğanlıq” festivalında iştirak edib.

Open.az xəbər verir ki, Müstəqil teatr festivalda ölkəmizi, dramaturq İsmayıl İmanovun əsəri əsasında rejissor Tərlan Rəsulovun hazırladığı “Limbo” immersiv tamaşası ilə təmsil edib.

Qeyd edək ki, Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq 7-ci dəfə keçirilir və hər festivala türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur

Festival mayın 23-dən 30-dək Ufada baş tutub. Respublikanın və M.Qafuri adına Başqırd Akademik Dram Teatrının 100 illiyinə təsadüf edən builki festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edib.

Festival çərçivəsində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını təqdim ediblər.

Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” (G.Yahina, Y.Pulinoviç, rej A.Abuşahmanov) tamaşası ilə olub. “dOM” teatrının kollektivi öz tamaşasını 25 may tarixində M.Qafuri adına BADT-nin kiçik səhnəsində oynayıb. Tamaşa azərbaycan və rus dillərində ifa olunub.

“Limbo” immersiv tamaşası qeyri-adi quruluşu və immersiv xarakteri ilə tamaşaçıların və mütəxəssislərin marağına səbəb olub. Başqırd tamaşaçılar aktiv şəkildə oyuna qoşularaq səhnədə baş verənlərə canlı reaksiya veriblər. dOM teatrının aktyorları “yeni səhnə məkanının və tamaşaçı ilə ünsiyyət üsullarının mənimsənilməsi” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Teatrın direktoru Tərlan Rəsulov həmçinin festival çərçivəsində baş tutan “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” adlı elmi-praktiki konfransda çıxış edib. Festivalın yekununda keçirilən etnokonsertdə isə teatrın aktrisası Əməkdar artist Yaqut Paşazadə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edib.

Xatırladaq ki, “dOM” teatrı festivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edib.