Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyası səhnəyə qoyulur.

Open.az xəbər verir ki, Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunan əsərin son məşqləri gedir.

Tamaşaya,uzun fasilədən sonra Akademik Milli Dram Teatrına dəvət olunan tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.

Tamaşanın bu həftə sonu daxili baxışının keçirilməsi nəzərdə tutulub. Ehtimal olunur ki, premyera iyunun sonuna qədər nümayiş ediləcək. Və ya əsərin daxili baxışından sonra yeni mövsümdə nümayiş olunacağı ilə bağlı fikirlər var.

Tamaşada Fazil Küleyni surətini xalq artisti Nurəddin Mehdixanlı, Molla Abbas- əməkdar artist Elşən Rüstəmov, Pırpız Sona- əməkdar artist Vəfa Rzayeva ifa edəcək. Ümumilikdə yeni "Dəli yığıncağı"na 30-dək aktyor cəm olub.

Əsərin tarixində ilk dəfə olaraq, Doktor Lalbyuz obrazını qadın aktrisa canlandıracaq. Bu obraza yeni səhnə həyatı bəxş etmək,əməkdar artist Sənubər İsgəndərlinin payına düşüb.

Qeyd etdiyim kimi tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı Siyavuş Kərimi, səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Qeyd edək ki, tamaşanın məşqlərinə aprelin 16-dan başlanıb.

Xatırladaq ki, Cəlil Məmmədquluzadənin"Dəli yığıncağı" tragikomediyasını 1926-1927-ci illərdə qələmə aldığı deyilsədə, görkəmli teatr rejissoru, xalq artisti Mehdi Məmmədovun televiziyada olan çıxışında əsərin 1923-cü ildə yazıldığı vurğulanıb. Mehdi Məmmədov quruluş verdiyi "Dəli yığıncağı" tamaşası haqqında danışarkən bildirib ki, "Tragikomediya 1923- cü ildə yazılıb və 60 il səhnə üzü görməyib. Yalnız 1977-ci ildə Akademik Dram Teatrının səhnəsində tamaşaya quruluş verilib".

Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fondu"nda "Dəli yığıncağı" tamaşası illərdir qorunub saxlanılır. Tamaşa 1978-ci ildə lentə alınıb. Mehdi Məmmədovun 42 il əvvəl dahiyanə quruluş verdiyi tamaşada Akademik Teatrın görkəmli səhnə xadimləri çıxış edib.

Ülviyyə Həsənqızı