Fervralın 11-i görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mərhum Gülarə Cabbarlının doğum günüdür.

Open.az xəbər verir ki, Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub.

2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olub.

Gülarə Cabbarlı 2018-ci il fevralın 12-də, doğum gününün səhəri 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, sabah mərhumun ailə üzvləri və Cəfər Cabbarlı muzeyinin əməkdaşları Gülarə Cabbarlının Yasamal qəbiristanlığındakı məzarını ziyarət edəcək.

Ülviyyə Həsənqızı