Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstandan gələn bir qrup alim türkologlarla Fondda görüş keçirib.

Open.az xəbər verir ki, görüş zamanı, G.Əfəndiyeva Fondun türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib.

O, həmçinin türkdilli xalqlar ilə macarlar arasındakı bağlılıqdan söz açaraq, bu xalqların bir çox ortaq mədəni dəyərləri bölüşdüyünü bildirib.

Macarıstanda fəaliyyət göstərən Miras Evinin direktor muavini János Tót Macarıstanın türkdilli ölkələr ilə qarşılıqlı əməkdaşlıqından danışaraq, bu istaqamətdə Fond ilə Miras Evi arasında əlaqələrin inkişaf etdirilməsi və birlikdə layihə və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurqulayıb. O, həmçinin Fondun bütövlükdə türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, Fondun fəaliyyətinihər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Macarıstan İncəsənət Akademiyasının həqiqi üzvü,akademik János Sipos ölkəsində türkologiyanın inkişafı və bu sahədə bir çox elmi araşdırmaların aparılması barədə, eləcə də Macarıstanın türkdilli qurumlarla əməkdaşlığının xalqlarımızın tarixi-mədəni irsinin mühafizəsi və təbliği üçün əhəmiyyətindən söz açıb.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib və gələcək layihələr üzərində əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Alimlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun kitabxanasına bir sıra qiymətli kitab hədiyyə edib.