Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrə Konfederasiyasina səfəri çərçivəsində Fondun üzv dövlətlərinin İsveçrədəki səfirləri ilə görüşlər keçirib

Open.az xəbər verir ki, İsveçrəyə səfər çərçivəsində Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Türk Dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə həyata keçirdiyi layihələrdən bəhs edib.

Görüşdə, Fondun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi istiqamətində birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək bildirilib.

Qazaxıstan Respublikasının İsveçrədəki səfiri Alibek Bakiyev ilə görüş zamanı Fondun prioritet istiqamətlərinin Türk Dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq gələcək nəsillərə ötürmək olduğundan bəhs edilib. Eyni zamanda, bu il Qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illik yubileyi, böyük mütəfəkkir və alim Əbunəsr Fərabinin 1150 illik yubileyi ilə bağlı 2020-ci ildə görüləcək tədbirlər barədə müzakirələr aparılıb. Qazax xalqının ümumtürk, eləcə də dünya mədəniyyətinə böyük töhfələr verdiyi bildirilərək Fondun bu istiqamətdə apardığı tədbir və layihələrdə birlikdə çalışmağa maraqlı olduqları səfir tərəfindən qeyd edilib.

Türkiyə Respublikasının İsveçrədəki səfiri İlhan Saygılı ilə keçirilən görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, səfirlik tərəfindən Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı gələcək layihələrinə dair dəstək ifadə edilərək, türk dünyasının önəmli parçası olan Tükiyə ilə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə İsveçrədə türkdilli xalqların

mədəniyyətinin təbliği istiqamətində tədbirlərin keçirilməsi barədə yekdil fikir ifadə olunub.

13 fevral 2020-ci il tarixində İsvecrənin Bern şəhərinə işgüzar səfəri zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İsvecrədəkisəfiri İlhan Saygılıilə görüş keçirib.

Görüş zamanı G.Əfəndiyeva Fondun əsas məqsədlərindən bəhs edərək türk dünyasının ortaq tarix, mədəniyyət və irsinin qorunmasına və dünyada tanıdılmasına yönəlmiş layihə və tədbirlər barədə məlumat verərək, türk xalqları arasındakı qardaşlıq bağlarının möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.

İlhan Saygılı isə öz növbəsində, G.Əfəndiyevanı səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi işlər ilə yaxından tanış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun uğurlu gələcəyinə və türk dilli ölkələr arasında birliyin inkişafı istiqamətində töhvələr verəcəyinə inandığını, Fondun türk dünyası mədəni irsinin beynəlxalq arenada tanıdılması istiqamətində gördüyü fəaliyyətə dəstək olmağa hazır olduğunu ifadə edib.