Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə Hindistan rəqs gecəsi təşkil ediləcək.

Open.az xəbər verir ki, Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə nağılvari hind rəqsləri təqdim olunacaq.

Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan- Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib. Konsertə giriş sərbəst olacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Bu günə kimi BMM -nin “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər.

Eyniilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir. Hindistan rəqs qrupunun Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışı qarşılıqlı olaraq folklor nümunələrimizin tanıdılması məqsədi daşıyır.