Avqustun 19-da beyin insultu keçirən və təcili Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən, Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun vəziyyəti ağır stabildir.

Bu barədə Open.az-a Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verib: "Akademik Musiqili Teatrın aktyorları ötən gecədən xəstəxanadadır. Aktyor Elxan İsmayılovun indicə mənə verdiyi xəbərə görə Məhərrəm Qurbanov MRT olunub. MRT-nin cavabına görə beyinə gedən damar tutulub. Hazırda Mərkəzi Klinik Xəstəxanasının beyin cərrahları konsilium keçirirlər. Yaxın 3 gün ərzində Məhərrəm Qurbanovu oyatmayacaqlar. Həkimlər vəziyyəti ağır stabil kimi qiymətləndiriblər".

Məhərrəm Qurbanovun qızı Aytən Qurbanova Open.az-a özəl açıqlamasında bildirib ki, ötən günə nisbətən atasının vəziyyəti stabildir:

"Beyin cərrahları konsilium edirlər. Daha sonra hansısa müdaxilə olunacaq. Dünən gecə atamın vəziyyəti çox ağır, koma vəziyyətindəydi. Süni nəfəs aparatına qoşmuşdular. Bu gün isə Şükür Allaha özü nəfəs alır, amma həkimlər kömək məqsədilə və xəstəyə ağırlıq olmasın deyə süni nəfəs aparatına qoşublar. Həkimlərin ilkin rəyinə görə həyat əlamətləri var. Amma 24 saat krtitik sayılır. Akademik Musiqili Teatrın kollektivi burada mənimlədir. Hamı zəng edir, maraqlanır. Teatrın direktoru Əliqismət Lalayev də bizi diqqətdə saxlayır. Hələlik gözləyirik. Hamı dua etsin. İnşallah, atam sağalar. Payızda 60 illik yubileyini qeyd etmək istəyirdi. Allah qismət eləsin!".

Xatırladaq ki, iyulun 24-də 60 yaşı tamam olan istedadlı aktyor Məhərrəm Qurbanov Open.az-a verdiyi müsahibədə yeni teatr mövsümündə dostlarını bir araya toplayıb, yubiley keçirəcəyini bildrirmişdi.

Allahdan aktyora şəfa diləyirik!

Ülviyyə Həsənqızı

Beyin insultu keçirən Məhərrəm Qurbanovla bağlı ailəsindən açıqlama: Vəziyyəti ağır stabildir

Beyin insultu keçirən Məhərrəm Qurbanovla bağlı ailəsindən açıqlama: Vəziyyəti ağır stabildir