Yanvarın 16-sı saat 17.00-da AMEA-da Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizin yaradıcılığına həsr edilmiş "Bəyaz işıqlı sənət" kitabı və "Bəyaz" sənədli filminin təqdimatı keçiriləcək.

Bu barədə Open.az-a filmin quruluşçu rejissoru Elnurə Kazımova məlumat verib.

Arif Əzizin çoxşaxəli və zəngin yaradıcılığına həsr edilən filmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasov, səs rejissoru Ceyhun Ağayev, səs operatoru Əliabbas Qasımov, montaj rejissoru Yaqub Həsənov, filmin direktoru Sahib Heybətovdur.

Film Azərbaycan Dövlət Televiziyasının Sənədli və Bədii Filmlər Studiyasında istehsal edilib.

Təqdimat mərasimində Azərbaycanın görkəmli rəssamları, elm və mədəniyyət xadimləri iştirak edəcək.

Qeyd edək ki, Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakıda dünyaya gəlib.

1960-1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyub. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanıb və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olub. 1966-1971-ci illərdə Moskvada ali təhsil alan rəssam Bakıya qayıtdıqdan sonra, 1971-ci ildən etibarən M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda rəssamlıq sənətindən dərs deməyə başlayıb.

Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Preofessoru və "Rəssamlıq" fakültəsi "Dekorativ-tətbiqi sənət" kafedrasının müdiridir.

Ülviyyə Həsənqızı