Əzəli torpaqlarımızı Ermənistanın işğalından azad etmək məqsədilə aparılan və şiddətli döyüşlərlə yadda qalan 44 günlük Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşına qələbə sevinci yaşadaraq, arxa cəbhədə elm, təhsil və sənət adamlarını da bu işdə mübariz edib. Müharibənin ilk günlərindən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə həyata keçirilən “Qarabağ Azərbaycandır” layihəsinin yaradıcı heyəti tərəfindən təqdim olunmuş “Zəfər” xoreoqrafik kompozisiyasından sonra daha bir layihəyə imza atılıb. Layihə çərçivəsində “Laçın” xoreoqrafik kompozisiyası təqdim edilib. Kompozisiya Laçın rayonunun işğaldan azad edilməsinə həsr olunub.

Open.az xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynovanın quruluşçu-xoreoqrafı olduğu bu kompozisiya kamança ifaçısı və müəllim İmamyar Həsənovun ifa etdiyi “Laçın” xalq mahnısı üzərində qurulub. Peşəkar rejissor Qalib Bağırovun fərqli yanaşma tərzi ilə lentə aldığı kompozisiyada rəqsi Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatı Zəhra Tanrıverdiyeva ifa edib. Kompozisiyanın əvvəlində akademiyanın Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədovun muğam ifası səsləndirilib.

Qeyd edək ki, akademiyanın “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində musiqili-xoreoqrafik yaradıcılıq işləri davam edir. Yaxın zamanda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının musiqisi əsasında “Zəfər sevinci” adlı yeni xoreoqrafik kompozisiya təqdim olunacaq. Layihənin baş məsləhətçisi Xalq artisti, dosent Təranə Muradova, rəhbəri isə Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimovadır.

Bakı Xoreoqrafiya Akademiyası “Laçın” xoreoqrafik kompozisiyasını təqdim edib