Bakı Uşaq Teatrı Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət teatrının və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvəti ilə Dərbənd şəhərində qastrol səfərində olub.

Open.az xəbər verir ki, Bakı Uşaq Tetrının kollektivi bu səfər çərcivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının kollektivi ilə birgə hazırladığı "Yuxular kompozisiyasını” tamaşaçılara təqdim edib.

Tamaşadan əvvəl Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov şəhər sakinləri adından Bakı Uşaq Teatrının artistlərinə bu səfərə görə öz təşəkürünü bildirərək, onlara yeni yaradıçılıq uğurları arzulayıb.

Dərbənd şəhər administrasiyasının rəhbərinin müavini Vidadi Zeynalov: "Şair Nəsiminin vəfatından artıq neçə illər keçib, lakin onun yaradıcılığı insanları biganə qoymur, düşünməyə vadar edir. O, özündən sonra böyük irs qoyub getmişdir. İndiki gənclər belə insanlardan nümunə götürməlidirlər", - deyə vurğulayıb. Kompozisiyaya baxdıqdan sonra Mədəniyyət və Turizm şöbəsinin baş mütəxəssisi Gülpəri Mirzabalayeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin poeziyasına bir daha yada salındığına görə qonaqlara təşəkkür edib.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan oz növbəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, artist Sərxan Səmədova diplomlar təqdim edərək, kollektiv adından dərbəndlilərə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıq edərək, xalqlarımız arasında dostluq və mədəni əlaqələrin təşəkkül tapmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolunu qeyd edib.