Bakı Uşaq Teatrının repertuarında olan “Nəsimi ili, Nəsimi dili” kompozisiya tamaşası Dərbənddə nümayiş olunacaq.

Bu barədə Open.az-a Bakı Uşaq Teatrının rəhbəri, əməkdar artist İntiqam Soltan məlumat verib.

İntiqam Soltan “Nəsimi ili, Nəsimi dili” kompozisiya tamaşanın iyunun 10-da Dərbənddə, Bakı Uşaq Teatrı və Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə nümayiş olunacağını bildirib: “İyunun 10-da saat 17.00- 18.00 radələrində tamaşamızı Dərbənd qalasının divarları ətrafında nümayiş etdirməyi nəzərdə tutmuşuq. Əgər hava şəraiti imkan verməsə, hər hansı bir problem yaranmasın deyə tamaşanı Dərbənd Ləzgi Teatrının binasında nümayiş etdirəcəyik. Dərbənd Ləzgi Teatrının rəhbərliyi ilə bütün inzibati məsələləri həll etmişik. Tamaşada kompozisiyaları Bakı Uşaq Teatrı, musiqi nömrələrini isə Dərbənd Teatrı təqdim edəcək. Deməli, kompozisiya+musiqi nömrələri, muğam parçaları iki teatrın təqdimatında birlikdə tamaşaçılara təqdim olunacaq”.

İntiqam Soltan hazırda Teatrda bir xalq nağılı əsasında yeni tamaşanın da hazırlandığını bildirib. “Sehirli tütək” adlanan tamaşa komediya janrındadır: “Bir saatlıq tamaşanı pyes halında mərhum Maarif Məmmədov hazırlamışdı. Əsər üzərində bütün yenilikləri isə mən etmişəm. Tamaşanı yaxın vaxtlada təhvil verəcəyik. Bakı Uşaq Teatrı Arzu Soltanın yazdığı ikinci əsəri də tamaşaya hazırlayır. “Ballı” adlanan tamaşa müasir gənclərə həsr olunub. Valideyn-övlad münasibətlərindən bəhs edən tamaşanın premyerası iyunda olacaq”.

Qeyd edək ki, “Ballı” tamaşasının quruluşçu rejissoru Mehman Piriyevdir.

Ülviyyə Həsənqızı