"Afaq Bəşirqızının səsləndirdiyi ittihamlarla bağlı yalnız onu deyə bilərəm ki, mən onun sözlərinə gülürəm. Onun dediklərinə heç fikir də vermirəm. Söylədiklərinin hamısı başdan-ayağa böhtandır".

Open.az xəbər verir ki, bu fikirləri Azərbaycan Teatr Xadimləri İttifaqının XIV Konfransında İttifaqın sədri Azərpaşa Nemətov söyləyib.

Azərpaşa Nemətov Xalq artisti Afaq Bəşirqızının söylədiyi teatrın tarixinin saxtalaşdırılması məsələsinin yalan olduğunu bildirib: "Akademik Milli Dram Teatrının 100 illik yubileyi ilə bağlı səsləndirilən ittihamlara cavab olaraq demək istəyirəm ki, o savadsızlıqdır. Jurnalist deyilsiniz? İlham Rəhimlinin üç cildlik Azərbaycan Akademik Milli Teatrı kitabı var. Onun birinci cildində hər şey yazılıb. Götürüb, oxuyun".

Azərpaşa Nemətov Akademik Milli Dram Teatrının 100 illik yubileyi ilə hazırlanan tədbirin təxirə salınması ilə bağlı yayılan xəbərlərə də açıqlama gətirib. O, bildirib ki, oktyabrın 29-da teatrda yubileyə həsr olunan tədbir keçiriləcək.

Ülviyyə Həsənqızı